Dünyanın ən böyük elektriklə işləyən avtomobil istehsalçısı olan “Tesla” şirkətinin təsisçisi Elon Mask böyük məbləğdə xeyriyyə ianəsi həyata keçirib. “Time Magazine” jurnalı tərəfindən 2021-ci il üzrə “İlin adamı” tituluna layiq görülən Elon Mask noyabr ayında həyata keçirdiyi ianəni açıqlayıb.
Açıqlamaya görə, 19-29 noyabr tarixləri aralığında Mask 5 milyon “Tesla” səhmini Dövlət Komissiyasının qeydiyyatından keçirərək başqa quruma transfer edib. Transfer edilən qurumun adı konfidensiallıq səbəbindən açıqlanmasa da, köçürmənin xeyriyyə məqsədilə edildiyi göstərilib. Xeyriyyə tranzaksiyasının ümumi dəyərinin 5.7 milyard dollar məbləğində olduğu açıqlanıb.
Qeyd edək ki, bundan əvvəl Elon Mask karbon qazı emissiyası ilə mübarizəyə 100 milyon dollarlıq və koronavirus ilə mübarizəyə 5 milyon dollarlıq xeyriyyə ianəsi edib.