“Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərracda ümumi həcmi 7 milyon manat olan istiqrazların 3 milyon manatlıq hissəsi yerləşdirilib.
Hər birinin nominal dəyəri 100 manat olan 30 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz kütləvi təklif üsulu ilə satışa çıxarılıb. İstiqrazlara 51 investor tərəfindən ümumi məbləği 3 milyon manat olan 51 sifariş təqdim edilib və yerləşdirmə tam həcmdə baş tutub.
İstiqrazların tədavül müddəti 1 il, illik gəlirliliyi isə 13% təşkil edir. Faiz ödənişləri rüblük həyata keçiriləcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib.
Qeyd edək ki, emitent tədavül müddəti ərzində istiqrazları nominal dəyərindən aşağı olmayan qiymətə geri almaq öhdəliyi daşıyır.