
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankı-nın maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il daha 250 benefisiara bizneslərini genişləndirmələri üçün əlavə dəstək göstəriləcək.
Məlumata görə, bununla əlaqədar növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsi keçiriləcək. Müsabiqədə layihə çərçivəsində istehsal və xidmət sahələri üzrə avadanlıq əldə edərək kiçik biznes qurmuş və müəyyən edilmiş şərtlərə uyğun gələn şəxslər seçiləcək.
Seçilmiş iştirakçılara biznes planlarının hazırlanmasında nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ilə yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək verəcək. Daha sonra onların bizneslərini genişləndirmələri üçün əlavə avadanlıqlar təqdim olunacaq.
Qeyd edilib ki, indiyədək layihə çərçivəsində 26 min işsiz şəxsin özünüməşğulluğunun təmin olunmasına dəstək göstərilib. “Həvəsləndirmə mükafatları” müsabiqələrinin qalibləri əlavə avadanlıqlarla təmin edilir.
Bununla yanaşı, layihə çərçivəsində kiçik biznes quraraq işçi qəbul edən benefisiarların dəstəklənməsi məqsədilə yeni təşəbbüsə də start verilib.
Xatırladaq ki, Dünya Bankı-nın İcraçı Direktorlar Şurası 29 iyul 2024-cü il tarixində Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin genişləndirilməsi və əhatə dairəsinin artırılması üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiq edib.
Layihə özünüməşğulluq imkanlarının təşviqi yolu ilə məcburi köçkünlər, qadınlar, gənclər və uzun müddət işsiz olanlar kimi həssas qruplara dəstəyin göstərilməsinə yönəlib.
2020-2025-ci illəri əhatə edən ilkin mərhələdə 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu imkanlardan yararlanıb. Növbəti mərhələdə isə daha 30 min nəfərin kiçik biznes qurmasına dəstək göstərilməsi planlaşdırılır.





