10 dekabr 2024-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Energetika sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş dəyirmi masa formatında görüş keçirilib. Kritik informasiya infrastrukturu sektorlarından biri qismində təsbit edilmiş energetika sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud imkanlar və çətinliklərin, eləcə də təhdidlər və onlarla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş görüşdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Dövlət Agentliyi, “AzərEnerji” ASC və digər müvafiq qurum və təşkilatların, habelə AKTA üzvü olan şirkətlərin aidiyyəti sahə üzrə məsul rəhbər şəxləri və nümayəndələri iştirak edib.
Dəyirmi masa formatında keçirilən görüş zamanı sahə üzrə normativ tənzimləmə mexanizmlərinin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud normativ hüquqi aktların tətbiq olunması, habelə müvafiq strategiya və tədbirlər planının icra olunması, o cümlədən kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlərin idarə olunması, kibertəhlükəsizlik üzrə yerli məhsul və həllərin hazırlanması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsinin və səmərəli əməkdaşlığın təşkili, həmçinin maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.
Tədbir çərçivəsində kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını icra edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən yaradılmış kibertəhdid məlumat mübadiləsi platforması və onun imkanları iştirakçılara təqdim edilib.
Müzakirə olunan məsələlərin həllinin, xüsusilə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin və kibertəhdidlərə qarşı mübarizənin daha kompleks yanaşmanı və effektiv əməkdaşlığı şərtləndirməsi, eləcə də sahə üzrə normativ tənzimləmə mexanizmlərinin tətbiq olunması ilə əlaqədar qarşıya çıxan məsələlərin aidiyyəti tərəflərin iştirakı ilə müzakirə olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür sektorial görüşlərin mütəmadi olaraq təşkil edilməsi məqsədəuyğun hesab olunub.