Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti (ETX) son günlər kiberdələduzların “Azərpoçt” MMC-nin adı və loqosundan sui-istifadə etdiyini açıqlayıb.
BBN.az xəbər verir ki, ETX-nin müşahidələrinə əsasən, dələduzlar SMS, zəng və saxta e-poçtlar vasitəsilə vətəndaşlara qarşı məqsədli kampaniya həyata keçirirlər.
Məlumata görə, fırıldaqçılar insanlara müəyyən məbləğin ödənilməsi barədə yalan məlumat göndərərək, onları saxta internet keçidlərinə yönləndirirlər. Həmin keçidlərdə guya sifarişin “ödəmə gözlənilir”, “nağd pul gəlir”, “nağd pul qorunur” və ya “çatdırılma təsdiqlənir” kimi statuslar göstərilir. Daha sonra “Ödənişi almaq” düyməsi təqdim olunur. Bu düyməyə kliklədikdə isə istifadəçidən kart nömrəsi, son istifadə tarixi, CVV/CVC kodu və mobil nömrə tələb olunur.
ETX xəbərdarlıq edir ki, daxil edilən məlumatlardan sonra dələduzlar ya birbaşa bank hesabından vəsait çıxarır, ya da bank tətbiqinə giriş əldə edərək hesabı tam nəzarətə götürürlər.
Qurumun məlumatına görə, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir, mətnlərdə isə dil və məntiqi uyğunsuzluqlar olur. Bu səbəbdən vətəndaşlara təqdim edilən “URL” ünvanlarının düzgünlüyünü mütləq yoxlamaq tövsiyə olunur.
Elektron Təhlükəsizlik Xidməti və “Azərpoçt” MMC vətəndaşlara xəbərdarlıq edərək, tanımadıqları mənbədən göndərilən linklərə daxil olmamağı və fərdi bank məlumatlarını paylaşmamağı tövsiyə edir. Hər hansı şübhəli bildirişin doğruluğunu isə yalnız rəsmi mənbələr – “Azərpoçt”un 169 Çağrı Mərkəzi və ETX-nin 1654 Qaynar Xətti, eləcə də qurumların rəsmi sosial media hesabları vasitəsilə dəqiqləşdirmək mümkündür.