
Expressbank ənənəsinə sadiq qalaraq Bilik Günü ərəfəsində ucqar kənd məktəblərində birinci sinifə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib.
Bankın təşəbbüsü ilə həyata keçirilən “Aydın Sabahlar” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Lənkəranın Günəhir, Moloja, Türkəncil və Bəliton kənd məktəblərində təhsil alacaq uşaqların məktəb ehtiyacları qarşılanıb. Tədbir Lənkəran – Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə İ. Hüseynov adına Osaküçə kənd tam orta məktəbində keçirilib.
Layihə çərçivəsində uşaqlara ilkin maliyyə biliklərinin aşılanması məqsədilə “İstəklər və ehtiyaclar” mövzusunda praktiki seminar təşkil olunub. Həmçinin Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA ilə birgə hazırlanmış “Ömərin ödəniş kartı ilə tanışlığı” adlı kitabça təqdim edilib.
Expressbank qeyd edib ki, iki ildir uğurla davam edən “Aydın Sabahlar” layihəsi ilə təhsilə dəstək və ucqar kənd məktəblərində uşaqların gələcəyinə sağlam zəmin yaradılmasına töhfə verir.







