Fitch Ratings agentliyi Azərbaycanın Uzunmüddətli Xarici Valyuta emitenti reytinqini ‘BB+’ səviyyəsində təsdiq edib. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının və həmçinin borclarının az olması ölkənin iqtisadi-maliyyə sistemini gücləndirən amil kimi göstərilib. Azərbaycan ‘BB’ reytinqini formalaşdıran 6 komponent üzrə qeyri-proporsional nəticələrə malik olsa da, ölkə bir çox komponentlər üzrə, xüsusilə Dünya Bankının “Doing Business” indikatorunda irəliləməsi ilə seçilib ki, bu da hesabatda xüsusi qeyd olunub. Hesabatda ölkənin kredit reytinqinin stabil olaraq qiymətləndirilməsi Dünya Bankı və Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması göstəriciləri ilə uyğunluq təşkil edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ayaz Museyibov hesabatda qeyd olunan bir neçə xüsusi məqama diqqət çəkir: “Yeni qiymətləndirmədə Azərbaycanın bank sisteminin 2015-ci ilin devalvasiyasından miras qalmış aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra yenidən dirçəlməsi xüsusi qeyd olunub. Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4%-ə yaxın artaraq 2019-cu ildə 23%-ə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı, ölkənin ən böyük bankı-Azərbaycan Beynəlxalq Bankının isə mənfəətə çıxdığı qeyd olunub. Belə ki, 2018-ci ilin sonuna olan 14.5%-lik göstərici ilə müqayisədə qeyri-işlək kreditlərin həcmi göstəriciləri 11%-ə enib. Bu isə hökumət tərəfindən xüsusi proqrama start verilməsi ilə bağlıdır.”
A. Müseyibov qeyd edir ki, geniş spektrli sanasiya tədbirlərinin görülməsi, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. 28 fevral 2019-cu il tarixində Prezident tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman” imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəminlər yaradıb. Onu da qeyd edək ki, Fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolu digər nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Moody’s” Beynəlxalq Reytinq Agentliyi də təsdiq edilib.
Agentliyin hesabatında qeyd olunan makroiqtisadi hesablamalar Azərbaycanın real ÜDM göstəricisinin artdığını və dünya neft qiymətləri böhranından sonra bərpa olunduğunu göstərir. Belə ki, hesabatda real ÜDM-nin 2018-ci ilin 1,4% göstəricisi ilə müqayisədə 2019-cu ildə 2,4%-ə çatdığı qeyd olunub. Xüsusi əhəmiyyət kəsb edən məqam isə ondan ibarətdir ki, Agentliyin hesabatına əsasən bu artımın 3,5%-i qeyri-neft sektorunun, 0,8%-i isə neft və qaz sektorunun payına düşüb. Agentlik 2020-2021-ci illərdə Azərbaycanda iqtisadi inkişafın 2,2%-ə çatacağını proqnozlaşdırır. Həmçinin, hesabatda 2019-cu ildə ölkədə inflyasiyanın proqnozlaşdırıldığı kimi hədəf inflyasiya (4±2) çərçivəsində qərarlaşdığı qeyd olunub.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, noyabrda 12 aylıq inflyasiya hәdәf diapozonunun mәrkәzindәn dә aşağıda olmaqla 2.6% tәşkil edib və il әrzindә inflyasiya hәdәf diapozonunda qorunmaqla MDB mәkanı vә tәrәfdaş ölkәlәr arasında әn aşağı göstәricilәrdәn olub. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Agentliyin inflyasiya ilə bağlı gələcəyə yönəlik proqnozları da pozitivdir. Belə ki, Agentlik növbəti il üçün rəsmi 4,6 %-lik inflyasiya göstəricilərinə qarşı 3,3% -lik inflyasiya proqnozlaşdırır ki, bu da tələb təzyiqi ilə əlaqələndirilir. İnflyasiya sәviyyәsinin 2020-ci ildə də qeyd olunan hәdәf dәhlizindә formalaşması isə iqtisadi şәrtlәrdә müәyyәnlik yaratmaqla iqtisadi fәallığa mühüm dәstәk verəcəkdir.
İİTKM-in analitikinin fikrincə, agentliyin hesabatında 2018-ci ildə qəbul olunan fiskal qaydaların ölkə iqtisadiyyatına müsbət təsiri, xüsusilə də neft gəlirlərinin xərclənməsi istiqamətində hökumətin davamlı addımları qeyd olunub. Fiskal siyasət qaydalarının və orta müddətli xərclər çərçivəsinin qəbul olunması da bu baxımdan əhəmiyyətli amil kimi qiymətləndirilib. Hesabatda diqqət çəkən digər mühüm bir məqam isə Azərbaycanın reallaşdırdığı qlobal enerji layihələrinin, onun makroiqtisadi sabitliyinə və maliyyə dayanıqlılığına müsbət təsirinin qeyd olunmasıdır. 2020 xərc prioritetləri arasında icbari tibbi sığorta proqramının (ÜDM-in 1,1% -i həcmində) yer aldığı və 2019-cu ildə əmək haqlarının artırılması tədbirlərindən və sosial təminatla bağlı ayırmalardan təsirlənəcəyi qeyd olunub.
Ayaz Museyibov bildirir ki, hesabatda bir sıra region ölkələri üçün müxtəlif risklər ehtimalı olsa da, Azərbaycan üçün 2020-ci ildə də sosial və siyasi sabitlik proqnozlaşdırılır:
“Müvafiq reytinq metodologiyasının hesablanmasında çoxsaylı variasiyalara əsaslanmaqla mövcud makroiqtisadi, siyasi risklər qiymətləndirilir, həmçinin ESG (ətraf mühit, sosial və idarəetmə üzrə) əsaslı investisiya elementləri üzrə də hesablamalar aparılır. Belə ki, reytinqin hesablanmasında Dünya Bankının ESG əsaslı investisiyanın əsas elementlərini özündə əks etdirən “siyasi sabitlik və hüquqlar”, qanunların rolu, tənzimləmə keyfiyyəti, kreditorların hüquqları və s. kimi çoxçeşidli reqressiya amillərinə əsaslanan idarəetmə indikatorları üzrə də hesablama aparılıb. Kredit reytinqinin təsdiqlənməsi Azərbaycan üçün bank sisteminin böhrandan çıxması istiqamətində mühüm dəstək olmaqla birlikdə gələcək müsbət reytinq dinamikaları üçün də əlverişli şərait yaradır. İlk öncə bu, Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşdırır. Kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyyə qabiliyyətini ölçmək üçün yaxşı imkandır. Yəni, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqinin neqativ dalandan çıxmasının digər bir əhəmiyyəti onun ölkənin xarici borclanması zamanı daha əlverişli şərtləri də (məsələn, borcun faizi aşağı düşür və s.) diktə etməsi ilə bağlıdır. Digər tərəfdən, yüksək kredit reytinqi tədiyyə balansına, xüsusilə kapitalın hərəkəti balansına müsbət təsir edir, çünki ölkəyə vəsait axını stimullaşır və əksinə ölkədən vəsaitin çıxarılması əngəllənir.”
Onu da qeyd edək ki, “Moody’s” reytinq agentliyi də 2019-cu ilin oktyabr ayında açıqladığı hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib. Ümumiyyətlə, son 2 ildə hər üç beynəlxalq agentlik Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı daha nikbin kredit reytinqi müəyyənləşdiriblər. Bu baxımdan Azərbaycanın kredit reytinqi hər üç agentlik tərəfindən eyni dərəcədə qiymətləndirildiyindən investorlarda inamı gücləndirir. “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozunu təsdiq etməsi bir daha 2019-cu ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların öz müsbət nəticələrini göstərdiyini təsdiqləyir.