
Azərbaycanın xarici siyasəti Ermənistan üzərində əldə edilən qələbədən sonra regionda təsir imkanlarını artırıb. Bu barədə “Fitch Solutions” şirkətinin ölkə ilə bağlı proqnozunda bildirilib.
Analitiklər qeyd edirlər ki, rəsmi Bakı Cənubi Qafqazda, xüsusən ticarət yollarına nəzarətdə daha fəal mövqe tutmağa çalışır. Azərbaycanın xarici siyasəti çoxvektorlu olaraq qalacaq, strateji müstəqillik isə praqmatik tərəfdaşlıqlarla balanslaşdırılacaq.
Proqnoza görə, Türkiyə ilə münasibətlər etnik və mədəni bağlar, həmçinin hərbi əməkdaşlıq sayəsində daha da dərinləşib. Azərbaycan Avropaya enerji təchizatçısı kimi ön plana çıxaraq, Cənub Qaz Dəhlizi vasitəsilə geosiyasi çəkisini artırıb. Bu, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istədiyi bir vaxtda Aİ ilə əlaqələrin güclənməsinə imkan verib.
Analitiklər vurğulayırlar ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər mürəkkəb qalacaq. Son hadisələrə baxmayaraq, Moskva ilə tam qırılma ehtimalı azdır. Bakı Rusiyanın təsirindən manevr imkanlarını qoruyacaq, maraqlar üst-üstə düşdükdə isə əməkdaşlığı davam etdirəcək.
FS-nin proqnozunda əlavə olunur:
“Bu balanslaşdırma siyasəti Bakının postmünaqişə dövründə mövqelərini möhkəmləndirmək və regionda dəyişən düzəndə təsirini artırmaq üçün əsas xarici siyasət xətti olacaq”.




