
Goldman Sachs Group-un analitikləri hesab edirlər ki, ABŞ dolları yenidən riskli valyutaya çevrilə bilər. Son həftələrdə ABŞ dollarının dəyişkənliyi (volatilliyi) azalsa da, investisiya bankının analitikləri valyutanın yenidən riskli aktiv kimi ticarət olunmasına səbəb ola biləcək bir çox amilləri qeyd edirlər.
BBN.az xəbər verir ki, analitiklər mümkün risk faktorları kimi aşağıdakıları qeyd edirlər:
· Artan siyasi qeyri-sabitlik;
· ABŞ-da ticarət tarifləri, vergi dəyişiklikləri və
· ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı narahatlıqlar.
2025-ci ildə dolların ABŞ aksiyaları ilə birgə dəyər itirməsi ən parlaq trendlərdən biri olub. Belə tendensiya son 10 illə müqayisədə bu il iki dəfə daha tez-tez müşahidə olunub.
Əlavə olaraq, analitiklər qeyd edirlər ki, ABŞ aktivlərinin cəlbediciliyinin azaldığını göstərən daha ciddi siqnal – aksiyaların, dövlət istiqrazlarının və dolların eyni vaxtda ucuzlaşmasıdır. Bu hal da daha çox müşahidə olunmağa başlayıb.
2025-ci il iyunun 26-da dollar, 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşdü. Bu, ABŞ Prezidenti Donald Trampın FED rəhbərliyinə bir neçə namizədi olduğunu bildirməsindən sonra baş verdi. The Wall Street Journal yazırdı ki, Tramp bu namizədlərdən birini artıq payızda irəli sürə bilər, baxmayaraq ki, FED-in hazırkı rəhbəri Cerom Pauellin səlahiyyət müddəti yalnız 2026-cı ilin mayında başa çatır.
Bu bəyanat FED-in gələcəkdə müstəqil pul-kredit siyasəti həyata keçirə bilməsi ilə bağlı narahatlıqları artırıb.
Dollar indeksi ilin ilk yarısında 10%-dən çox dəyər itirib — bu, 1973-cü ildən bəri ən pis nəticədir. Eyni zamanda, bu, 2009-cu ildən bəri ardıcıl altı ayda dolların ən zəif dinamikasını əks etdirir. Financial Times yazırdı ki, dolların zəifləməsinin əsas səbəbləri ABŞ Prezidenti Donald Tramp tərəfindən həyata keçirilən ticarət və iqtisadi siyasətdir.
ING bankının valyuta strateqi Françesko Pesole isə deyib:
“Dollar, Trampın 2.0 dönəmində apardığı qeyri-proqnozlaşdırılan siyasətin ‘döyülən uşağına’ çevrilib.”





