
“Google” şirkətinin “Gemini” süni intellekt modeli rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib.
BBN.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu isə yerli istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də yararlanmağa şərait yaradır.
Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android və iOS) mövcuddur. Eyni zamanda, real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası da təqdim olunur.
Şirkət “Nano Banana” və “Veo” kimi qabaqcıl yaradıcı alətlərin də Azərbaycan bazarında əlçatan olduğunu açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara uyğun olaraq sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilir.
Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlıq etməyə imkan yaradır. “Deep Research” modeli müxtəlif mənbələrdən məlumatları sintez edərək əhatəli hesabatlar hazırlamağa kömək edir. “Guided Learning” isə interaktiv testlər vasitəsilə yeni mövzuların mənimsənilməsini asanlaşdırır.
Qeyd olunur ki, bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatanlığını artıracaq.





