Home » “Güclü qadınlar güclü cəmiyyət yaradır”

“Güclü qadınlar güclü cəmiyyət yaradır”

by Zeyneb
0 comments 25 views 3 minutes read

Gülarə Novruzova-Gözəlova

İnsan Resursları Departamentinin direktoru, Bank of Baku ASC

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bank-maliyyə sektorunda qadınların rolu və liderliyi xüsusi aktuallıq qazanır. Bu gün Azərbaycanda bank sektorunda çalışan əməkdaşların yarıdan çoxunu qadınlar təşkil edir. Son illərdə isə qadınların orta və yuxarı menecment səviyyəsində təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Qlobal miqyasda da maliyyə dünyasında qadın liderlərin rolu getdikcə güclənir. Məsələn:

  • Christine Lagarde – Avropa Mərkəzi Bankının prezidenti
  • Janet Yellen – ABŞ-ın Maliyyə naziri və Federal Reserve-in ilk qadın sədri
  • Jane Fraser – böyük qlobal bankın ilk qadın CEO-su
  • Abigail Johnson – investisiya sektorunda nüfuzlu lider

Bu tendensiya göstərir ki, maliyyə sektoru artıq yalnız rəqəmlər deyil, həm də inklüziv liderlik modelidir. Bu reallıq fonunda Gülarə Novruzova-Gözəlova ilə bank sektorunda qadın liderliyi, karyera yolu və motivasiya barədə söhbətləşdik.

Bank sektorunu seçməyinizə nə səbəb oldu və bu sahədə ilk addımlarınız necə atıldı?

“Bank sektorunun dinamikliyi, davamlı inkişaf imkanları və yeniliyə açıq olması mənim üçün hər zaman cəlbedici olub. İnsan resursları strategiyalarının biznes nəticələrinə təsirini görmək və strukturlaşdırılmış mühitdə dəyər yaratmaq isə məni motivasiya edən əsas faktorlardandır. Bank sektorunda ilk addımlarımın əsasını öyrənməyə açıq olmaq, insanları dinləmək və prosesləri anlamağa çalışmaq, zəhmət və məsuliyyətdən çəkinməmək təşkil edib.”

Bu gün tutduğunuz vəzifəyə gedən yolda qarşılaşdığınız ən böyük çətinlik nə olub?

“İnsan resursları sahəsinin demək olar ki, bütün funksiyalarının kommunikasiya üzərindən qurulduğunu nəzərə alsaq və buna dinamik, daim yeniliklərə və texnoloji inkişafa açıq bir mühiti də əlavə etsək, bu yolun başlanğıcında ən böyük çətinlik həmin dəyişikliklərin uyğun və düzgün formatda kommunikasiya edilməsi və onların nəticələri ilə əməkdaşların gözləntiləri arasında balansı yaratmaq və qorumaq olub. Bu proses mənə çevik düşünməyi, daha uyğun şəkildə nəyi və necə kommunikasiya edəcəyimi, prioritetləri düzgün müəyyənləşdirməyi öyrədib.”

Sizi bu sahədə qalmağa və inkişaf etməyə motivasiya edən əsas amil nədir?

“İnsan kapitalının inkişafına töhfə vermək, insan resursları sahəsində texnoloji alətlərdən geniş istifadə imkanları və gördüyüm işlərin nəticəsinin həm əməkdaşlara, həm də təşkilata real fayda yaratdığını hiss etmək mənim əsas motivasiyamdır.”

Sizcə, bank sektorunda qadınlar üçün imkanlar necə dəyişib?

“Son illərdə bank sektorunda qadınların rəhbər və strateji rollarda təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Meritokratiya, inklüziv mədəniyyət və çevik iş modelləri qadınlar üçün daha çox imkanlar yaradıb.”

İş həyatında qadın olmağın üstünlükləri və çətinlikləri nələrdir?

“Qadınların empati, ünsiyyət və çoxşaxəli düşünmə bacarıqlarına sahib olmaları böyük üstünlükdür. Qadınlar eyni anda bir neçə işi idarə etməkdə və məsuliyyət daşımaqda çox vaxt uğurlu olurlar. Övladlara qayğı və ailə-məişət məsuliyyətləri qadınlar üçün karyera və ailə həyatını balanslaşdırmaq baxımından müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, xüsusilə bank sektorunda qadınlar üçün iş mühitinin əlverişli olduğunu düşünürəm.”

Karyera ilə şəxsi həyat arasında balansı necə qoruyursunuz?

“Prioritetlərin düzgün müəyyənləşdirilməsi və planlama, vaxtın effektiv idarə olunması və özünə zaman ayırmaq bu balansın əsas açarlarıdır. Hər şeyi mükəmməl etmək yox, balanslı etmək əsas məqsəddir.”

Bank sahəsində uğurlu olmaq üçün qadın əməkdaşlar hansı bacarıqlara xüsusi diqqət yetirməlidir?

“Strateji düşüncə, analitik bacarıqlar, güclü ünsiyyət, dəyişikliklərə adaptasiya və davamlı öyrənmə bacarığı uğurun əsas şərtləridir.”

Özünüzü peşəkar baxımdan inkişaf etdirmək üçün hansı addımları atırsınız?

“Daim öyrənmə, yeniliklərə və dəyişikliklərə açıq olmaq əsas prinsiplərimdir. Qlobal HR trendlərini və texnoloji yenilikləri davamlı izləyirəm, mentorluq və təcrübə mübadiləsinə açığam.”

Sizə ilham verən qadın liderlər varmı?

“Bəli, həm qlobal miqyasda, həm də ölkəmizdə peşəkarlığı və etik dəyərləri ilə seçilən qadınlar mənim üçün böyük ilham mənbəyidir.”

Bank sektorunda çalışmaq istəyən gənclərə mesajınız?

“Özünüzə davamlı investisiya edin. İnkişafı vərdişə çevirin.”

8 Mart qadınların cəmiyyətdə və iş həyatında rolunu dəyərləndirmək üçün əhəmiyyətli gündür

“Bütün qadınları səmimi-qəlbdən təbrik edirəm. Öz potensialınıza inanın, bir-birinizi dəstəkləyin və uğurlarınızı qeyd edin. Çünki güclü qadınlar güclü cəmiyyət yaradır.”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.