
Martın 27-30-da ölkə ərazisində müşahidə olunan normadan artıq yağıntılar Bakı da daxil olmaqla respublikanın müxtəlif bölgələrində daşınar və daşınmaz əmlaklara ciddi ziyan vurub.
Azərbaycan Sığortaçılar Assosiasiyası-nın məlumatına görə, 1 aprel tarixinə olan hesablamalara əsasən, baş vermiş hadisələrlə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 1649 müraciət daxil olub.
Müraciətlərin strukturuna nəzər saldıqda, onların 1261-i icbari avtosığorta, 136-sı “Kasko”, 190-ı daşınmaz əmlakın icbari sığortası, 63-ü isə əmlakın yanğından və digər risklərdən sığortası üzrə qeydə alınıb.
Daxil olan müraciətlərin 77 %-i Bakının payına düşür. Qalan 23 % isə əsasən ölkənin digər bölgələrində, xüsusilə Şimal regionunda qeydə alınıb.
Hazırda qiymətləndirilməsi aparılmış 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat təşkil edir. Digər 228 hadisə üzrə qiymətləndirmə prosesi davam edir. Eyni zamanda, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb.
Bildirilib ki, bütün müraciətlər üzrə hadisələr hazırda tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. İlkin hesablamalara əsasən, ümumi zərərin 4 milyon manata yaxın olacağı gözlənilir.




