Gürcüstan Milli Rəqabət Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Gürcüstanın Tbilisi şəhərində keçirilən “Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi” beynəlxalq konfransında iştirak ediblər.

20-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans çərçivəsində təşkil edilən panel müzakirələrdə Xidmət tərəfindən müvafiq sahədə aparılan islahatlar, yeni yanaşmalar, qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə həmçinin, Dövlət Xidməti nümayəndələrinin tənzimlənən bazarlar üzrə rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsinin hüquqi təminatı, icra mexanizmləri və digər mövzularda çıxışları dinlənilib.

Konfrans çərçivəsində Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Gürcüstan Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze ilə görüşüb, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Sonda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Gürcüstan Milli Rəqabət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır