
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyini təsdiqləyib.
BBN.az xəbər verir ki, bu barədə qərar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında qəbul olunub.
Məlumata görə, rəydə Fondun gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılan məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən 2026-cı ildə ARDNF tərəfindən həyata keçiriləcək investisiya siyasətinin mövcud hüquqi aktlara uyğunluğu araşdırılıb. Aparılmış təhlillər əsasında rəyin yekununda müvafiq tövsiyələr də təqdim edilib.
Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul olunub.
Kollegiya iclasında, eyni zamanda, “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” də müzakirə edilib. İş planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyət istiqamətləri əksini tapıb və sənədin təsdiqlənməsi barədə qərar qəbul edilib.
Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2026-cı ildə ARDNF-nnin büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (11,1 % az) olması gözlənilir.
2026-cı ilin büdcə zərfinin layihəsinə görə, Fondun xərclərinin əsas hissəsini — 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan əlavə, 7,1 milyon manat “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na, 99,2 milyon manat “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na, 32,8 milyon manat isə Prezidentin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.




