
Hesablama Palatasında keçirilən Kollegiya iclasında Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinə dair aparılmış auditin nəticələri müzakirə edilib.
Bildirilib ki, auditor hesabatını Hesablama Palatasının auditoru Hilal Hüseynov təqdim edib. Müzakirələrdə Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov və digər məsul şəxslər iştirak ediblər. Nazirliyin nümayəndələri auditin nəticələrinin qurumun fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyini və Palatanın təklif və tövsiyələrinin nəzərə alınacağını bildiriblər.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bundan əlavə, iclasda Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə tərəfindən “2026–2030-cu illər üçün Strateji İnkişaf Planı”nın layihəsi təqdim edilib. Qeyd olunub ki, Planın ilkin layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən səsləndirilən təkliflərin əksər hissəsi sənəddə nəzərə alınıb. Müzakirələrdən sonra Planın təsdiq olunması barədə qərar qəbul edilib.
İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb, həmçinin 2025-ci ildə görülmüş işlər və 2026-cı il üçün qarşıda duran vəzifələr müzakirə olunub. Hesablama Palatasının sədri Kollegiya üzvlərinə dövlət auditinin rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsi, 2025-ci ilin İş Planı üzrə aparılan auditlərin nəticələrinin rəsmiləşdirilməsinin yekunlaşdırılması və digər istiqamətlər üzrə tapşırıqlar verib.




