
2025-ci ildə İcbari Sığorta Bürosu (İSB) tərəfindən ümumilikdə 749 175 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
“İcbari sığortalar haqqında” qanuna əsasən, ölkədə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəymiş III şəxslərə kompensasiyanı İSB ödəyir.
Müraciətlər və ödənişlərin strukturu
Ötən il Büroya kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında:
-
217 nəfərə müxtəlif dərəcəli bədən xəsarətlərinə görə – 216 342 manat,
-
10 nəfərə əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə (əlillik) görə – 28 000 manat,
-
171 nəfərin ölümü ilə nəticələnmiş hadisələr üzrə – 504 833 manat
olmaqla ümumilikdə 749 175 manat kompensasiya ödənilib.
Kompensasiya hansı hallarda ödənilir?
İSB tərəfindən kompensasiya aşağıdakı hallarda təmin edilir:
-
Naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi tərəfindən sağlamlığa zərər vurulduqda;
-
Sığortasız nəqliyyat vasitəsi sahibi tərəfindən zərər yetirildikdə;
-
Sığorta şirkətinin iflas etməsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin mümkün olmaması zamanı.
Bu mexanizm yol qəzaları nəticəsində zərərçəkən şəxslərin hüquqlarının qorunmasına və sosial müdafiəsinin təmin edilməsinə xidmət edir.





