
İcbari Sığorta Bürosu (İSB) göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 4 yeni elektron xidməti istifadəyə verib.
BBN.az xəbər verir ki, bu barədə Büro məlumat yayıb.
Yeni xidmətlər aşağıdakılardır:
-
“Bonus-malus əmsalı ilə bağlı onlayn müraciət”
-
“Radar cəriməsi üzrə onlayn müraciət”
-
“Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət”
-
“Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət”
Elektron xidmətlər bölməsi yaradılıb
Yeni xidmətlərdən istifadə üçün İSB-nin yenilənmiş rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. İstifadəçilər şəxsi kabinetə gücləndirilmiş elektron imza vasitələri – myGov ID, SİMA İmza, Asan İmza və ya elektron imza (e-imza) ilə daxil ola bilərlər.
Xidmətlərin funksiyaları
“Bonus-Malus əmsalı üzrə onlayn müraciət”
Bu xidmət sığorta müqaviləsi bağlanarkən sığorta haqqının hesablanması ilə bağlı yaranan məsələlərin araşdırılması üçün nəzərdə tutulub. Müraciət əsasında sığortalının əvvəlki sığorta tarixçəsi, qəzasız sürücülük göstəriciləri, tətbiq edilmiş endirim və əlavələr yoxlanılır.
“Radar cəriməsi üzrə onlayn müraciət”
Radar vasitəsilə qeydə alınmış inzibati xətalarla bağlı vətəndaş müraciətlərinin qəbulu və araşdırılması üçün təqdim edilir. Əsassız və ya yanlış tətbiq edilmiş cərimə halları müəyyən edildikdə, onların ləğvi üçün müvafiq qurumlara Büro tərəfindən rəsmi müraciət göndərilir.
“Sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət”
Bu xidmət sığorta şirkətlərinə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisələri barədə məlumatları elektron qaydada əldə etməyə imkan verir.
“Müstəqil ekspert təyini üzrə onlayn müraciət”
Əgər sığorta hadisəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 7 iş günü ərzində qiymətləndirmə aparılmazsa və ya təqdim edilən qiymətləndirmə vətəndaşı qane etməzsə, zərərçəkmiş və ya faydalanan şəxs bu xidmət vasitəsilə müstəqil ekspert seçimini tam rəqəmsal qaydada həyata keçirə bilər.
İSB bildirir ki, yeni elektron xidmətlər vətəndaş müraciətlərinin daha operativ, şəffaf və rahat şəkildə icrasına imkan yaradacaq.





