İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (AİB) Regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin iqtisadçısı Kristian Rosbakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov Mərkəzin fəaliyyəti barədə AİB-in nümayəndələrini məlumatlandırıb. O, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas istiqamətləri, onların monitorinq və qiymətləndirilməsində Mərkəzin rolu barədə məlumat verib. Eyni zamanda, ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə Mərkəzdə aparılan tədqiqatlar barədə qonaqları məlumatlandırıb. Rəşad Hüseynov işğaldan azad edilmiş ərazilərin bərpası prosesində beynəlxalq inkişaf tərəfdaşlarının iştirakının əhəmiyyətini xüsusilə vurğulayıb. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olan proqramların monitorinqi və qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi üçün Asiya İnkişaf Bankının texniki dəstəyinin əhəmiyyəti qeyd olunub.
Müzakirə zamanı iqtisadiyyatın diversifikasiyası və ölkənin qlobal dəyər zəncirinə qoşulması sahəsində beynəlxalq təcrübə, eləcə də iqtisadi islahatlar sahəsində uğurlu əməkdaşlıq perspektivlərindən danışılıb.
Asiya İnkişaf Bankının nümayəndəsi Kristian Rosbak 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanla əməkdaşlığın əsas istiqamətləri haqqında ətraflı məlumat verib. Həmçinin o, yaşıl iqtisadiyyatın formalaşmasına yönəlik iqtisadi islahatlar, Orta Dəhlizə çıxış, iqtisadiyyatın diversifikasiyası, iqtisadi transformasiya, yerli və regional inteqrasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun maraqlı olduğunu və əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşdə İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Günay Quliyeva, Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova və İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Natiq Pənahlı, eləcə də Asiya İnkişaf Bankının (AİB) Regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin iqtisadiyyat üzrə baş mütəxəssisi Nail Vəliyev və əməliyyatlar üzrə köməkçi Elvin İmanov da iştirak ediblər.