
Yaxın Şərqdə davam edən geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycanın ümumi xarici iqtisadi mövqeyi güclü olaraq qalır. Bu barədə Niderlandın iri bank holdinqi olan ING Group-un MDB ölkələri üzrə makroiqtisadi hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, regionda baş verən münaqişələr yanacaq qiymətlərinin artması, qlobal risk iştahasının azalması və ticarət zəncirlərində mümkün fasilələr vasitəsilə MDB ölkələrinə təsir göstərir. Neft qiymətlərində artım Azərbaycanın ixrac imkanlarını genişləndirsə də, enerji idxalından asılı ölkələr üçün əlavə təzyiq yaradır.
Analitiklər 2026-cı il üçün “Brent” markalı neftin qiymət proqnozunu bir barel üçün 82 dollara qədər yüksəldiblər və qiymətlərin daha da artması ehtimalının yüksək olduğunu vurğulayıblar. Eyni zamanda, idxal asılılığı, xüsusilə Aİ, Türkiyə, İran və Körfəz ölkələri ilə bağlı risklər diqqət mərkəzində saxlanılır.
Hesabata əsasən, neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır və büdcəyə əlavə 1,5–2 milyard dollar vəsait gətirir. Buna baxmayaraq, müdafiə və təhlükəsizlik xərclərinin artması ehtimalı da istisna edilmir.
Bununla yanaşı, ölkənin fiskal mövqeyi güclü olaraq qalır. 2025-ci ildə icmal büdcə profisiti ÜDM-in 2,6 %-ni təşkil edib, suveren ehtiyatlar isə ÜDM-i üstələyib. Ekspertlər bildirirlər ki, bu maliyyə buferləri neft qiymətlərində mümkün enişlər zamanı belə manatın sabitliyini qorumağa imkan verir.
Eyni zamanda, qeyri-neft sektorunda da müsbət siqnallar müşahidə olunur. Korporativ kreditləşmənin stabilləşməsi və sənaye sektorunda inam göstəricilərinin yüksək qalması investisiya fəallığının bərpasına işarə edir.
Ümumilikdə, analitiklər hesab edirlər ki, mövcud qlobal risklərə baxmayaraq, Azərbaycanın iqtisadi dayanıqlılığı qorunur və ölkə regionda etibarlı maliyyə mövqeyinə malikdir.




