
BBN.az xəbər verir ki, kotirovkaların kəskin artımı “Nvidia”nın “Intel”ə 5 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırması fonunda baş verib. Razılaşmaya əsasən, “Nvidia” “Intel”in səhmlərini bir səhm üçün 23,28 dollara alacaq. Bundan başqa, “Intel” gələcək PC çiplərində “Nvidia”nın qrafik texnologiyasından istifadə edəcək, eləcə də “Nvidia” avadanlığı əsasında yaradılmış məlumat mərkəzi məhsulları üçün öz prosessorlarını tədarük edəcək.
Qeyd edək ki, “Intel” dünyada ən müasir kompüter çiplərini istehsal edən üç şirkətdən biridir və ABŞ-də bu sahədə fəaliyyət göstərən yeganə şirkətdir.
2025-ci ilin ikinci rübündə “Intel” 2,92 milyard dollar xalis zərər açıqlayıb. Rüb üzrə gəlir 12,86 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə (12,83 milyard dollar) demək olar ki, eyni səviyyədədir. Şirkət həmçinin ilin sonuna qədər kadr ixtisarlarını davam etdirəcəyini, işçilərin sayının 75 min nəfərə endiriləcəyini açıqlayıb. Bu, 2024-cü ilin sonundakı göstəricidən 22% azdır.
Qeyd edək ki, 2025-ci ilin birinci yarısında “Intel”in səhmləri kəskin ucuzlaşsa da, avqust ayında ABŞ hökumətinin şirkətdə 10%-lik pay əldə etməsindən sonra bərpa prosesi başlayıb. Ümumilikdə, ilin əvvəlindən “Intel” səhmləri 25%-dən çox bahalaşıb.






