Home » “InvestAz”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAz”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

by Zeyneb
0 comments 2 views 3 minutes read

Mart ayının ikinci həftəsi qlobal maliyyə bazarlarında yüksək volatilliklə yadda qalıb.

Bu barədə “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti məlumat yayıb.

Məlumata görə, ABŞ, Almaniya, Avrozona və İngiltərədə açıqlanan makroiqtisadi göstəricilər investorların monetar siyasətlə bağlı gözləntilərini yenidən qiymətləndirməsinə səbəb olub. Bununla yanaşı, ABŞ–İran münasibətlərində davam edən gərginlik enerji və qiymətli metal bazarlarında risk premiyasını yüksək səviyyədə saxlayaraq dünya birjalarında ehtiyatlı ticarət mühitinin formalaşmasına gətirib çıxarıb.

ABŞ: inflyasiya və monetar siyasət gözləntiləri

Şirkətin analitikləri bildiriblər ki, ABŞ-da açıqlanan inflyasiya göstəriciləri qiymət təzyiqlərinin tədricən sabitləşdiyini göstərib. İnflyasiyanın əvvəlki aylara nisbətən daha sabit qalması Federal Ehtiyatlar Sisteminin gələcək monetar siyasət addımlarının bazarlar tərəfindən diqqətlə izlənilməsinə səbəb olub.

Əmək bazarının nisbətən güclü qalması faiz endirimlərinin dərhal gündəmə gəlməyəcəyinə işarə etsə də, iqtisadi aktivliyin yavaşlaması belə bir ehtimalı tam istisna etməyib. Bu isə ABŞ dollarının dünya bazarlarında sabit trend formalaşdırmasını çətinləşdirib.

Avrozona və Almaniya: zəif sənaye dinamika

Avrozonada, xüsusilə Almaniyada açıqlanan sənaye və biznes aktivliyi göstəriciləri iqtisadi bərpanın zəif qaldığını göstərib. Almaniyanın sənaye sektorunda davam edən durğunluq Avropa iqtisadiyyatının əsas lokomotivində struktur problemlərin qalmaqda davam etdiyini ortaya qoyub.

İnflyasiya təzyiqlərinin aşağı səviyyədə qalması isə Avropa Mərkəzi Bankının yumşaq monetar siyasət mövqeyini qoruyacağına dair gözləntiləri gücləndirib. Bu fonda avro məhdud diapazonda ticarət olunub və Avropa fond bazarlarında ehtiyatlı mövqe üstünlük təşkil edib.

İngiltərə: iqtisadi artım kövrək qalır

İngiltərədə açıqlanan iqtisadi göstəricilər ölkə iqtisadiyyatının zəif və qeyri-sabit artım mərhələsində olduğunu təsdiqləyib. İstehlak və biznes investisiyalarındakı məhdud bərpa Bank of England-ın monetar siyasətdə ehtiyatlı mövqeyini qoruyacağını göstərib.

Bu vəziyyət funt sterlinqin beynəlxalq bazarlarda dalğalı ticarətinə səbəb olub və investorların İngiltərə iqtisadiyyatına yanaşmasını ehtiyatlı saxlayıb.

Geosiyasi faktor: ABŞ–İran gərginliyi

Analitiklər qeyd edirlər ki, 9–15 mart həftəsində qlobal bazarların diqqət mərkəzində əsas geosiyasi faktor ABŞ–İran münasibətlərində davam edən gərginlik olub. Körfəz regionunda hərbi və siyasi ritorikanın sərt qalması enerji bazarlarında risk premiyasını artırıb.

Bu isə investorların riskli aktivlərdən qismən uzaqlaşaraq daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olub. ABŞ–İran gərginliyi xüsusilə qızıl və neft bazarlarında həssas qiymət reaksiyalarına gətirib çıxarıb.

ABŞ dolları və neft bazarı

ABŞ dolları həftə ərzində dalğalı dinamika nümayiş etdirib. ABŞ iqtisadi göstəricilərinin qarışıq siqnallar verməsi dolların güclənməsini məhdudlaşdırsa da, geosiyasi risklərin artdığı günlərdə dollar qısamüddətli təhlükəsiz liman funksiyası göstərib.

Neft bazarlarında isə ABŞ–İran gərginliyi qiymətlər üçün əsas dəstək faktorlarından biri olub. Körfəz regionunda mümkün təchizat riskləri “Brent”“WTI” markalı neftin qiymətlərində risk premiyasını artırıb. Bununla yanaşı, qlobal iqtisadi artımın zəif qalması və enerji tələbinin məhdud artımı qiymətlərin kəskin yüksəlişinin qarşısını alıb.

Kriptovalyuta bazarları

Kriptovalyuta bazarlarında da yüksək volatillik müşahidə olunub. Yanvar ayının sonlarında baş verən kəskin korreksiyadan sonra bazar qismən sabitləşməyə çalışsa da, geosiyasi risklər və qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik investor inamının tam bərpa olunmasına mane olub.

Yeni həftənin gözləntiləri

İnvestAz-ın iqtisadi təqviminə əsasən, cari həftə bir sıra aparıcı mərkəzi bankların faiz qərarlarının açıqlanması ilə diqqət çəkəcək. ABŞ Federal Ehtiyatlar Sistemi, Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, Yaponiya Bankı, İsveçrə Milli Bankı, Kanada Mərkəzi Bankı və Avstraliya Federal Ehtiyatlar Sistemi faiz qərarlarını elan edəcəklər.

Bununla yanaşı, ABŞ, Avrozona, Almaniya, İsveçrə və Kanadada inflyasiya göstəriciləri açıqlanacaq.

Analitiklər bildirirlər ki, bazar iştirakçılarının diqqəti həmçinin Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, Avropa Zirvə Toplantısına, Avrozonada və Almaniyada açıqlanacaq ZEW indeksinə, eləcə də İngiltərə və Avstraliyada əmək bazarı hesabatlarına yönələcək.

Qeyd edək ki, “İNVEST-AZ İnvestisiya Şirkəti”nin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir və şirkət broker, diler, marja ticarəti (forex), investor portfellərinin idarə olunması və digər investisiya xidmətləri göstərir.

Şirkət bildirib ki, təqdim olunan məlumatlar tövsiyə xarakterlidir və bu məlumatlara əsaslanaraq həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.