
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına ümumilikdə 678 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 124 milyon manatı isə cari ilin yanvar–noyabr aylarında ayrılıb.
Bu barədə məlumatı Fond açıqlayıb.
Qeyd edilib ki, Prezidentin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət və həmin kreditlər üzrə faiz subsidiyasının verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişafı Fondun əsas prioritetlərindən biridir.
Fondun zəmanəti və faiz subsidiyası ilə maliyyələşdirilən layihələr üzrə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə resurslarına çıxışını artırmaq məqsədilə sahibkarlığa dəstək alətlərinin sayı genişləndirilib. Bu çərçivədə iki yeni mexanizm – manatla alınan kreditlər üzrə kredit portfeli təminatı və emitentlərin istiqraz öhdəliklərinə təminat mexanizmi tətbiq olunmağa başlayıb.





