Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində “İqlim dəyişikliyinin əməyin təhlükəsizliyi və sağlamlığına təsiri” mövzusunda vebinar keçirilib.
Tədbirdə Nazirliyin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, sosial tərəfdaşların nümayəndələri daxil olmaqla ümumilikdə 30-dan çox qurumun nümayəndələri, BƏT-in mütəxəssisləri iştirak edib. Vebinar iqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığına təsiri, habelə BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyəti barədə maarifləndirmə məqsədi daşıyıb.
Ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə sahəsində mühüm töhfələr verdiyi, dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçiriləcəyi qeyd edilib.
Azərbaycanda layiqli əməyin təminatı, o cümlədən işçilərin sağlamlığının mühafizəsinin əsas prioritetlərdən olduğu vurğulanıb. BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyətindən bəhs olunub. Bu konvensiyalar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı milli qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, qanunvericilikdəki son dəyişikliklər diqqətə çatdırılıb.
İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi qaydaları barədə məlumat verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində işəgötürənlərə dəstək məqsədi daşıyan fəaliyyətindən də bəhs olunub.