Texnologiyanın sürətli inkişafı ilə yanaşı kibertəhlükəsizlik sahəsində risklər də artır. Bu səbəbdən kibertəhlükəsizlik artıq yalnız texniki ixtisas deyil, müasir cəmiyyətin əsaslarını qorumaq missiyası kimi qiymətləndirilir.
BBN.az xəbər verir ki, bunu “Technion” İnstitutunun Davamlı Təhsil Mərkəzinin rəhbəri Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində “Technion” beynəlxalq CS Ranking indeksinə əsasən süni intellekt sahəsində Avropada birinci, kompüter elmləri üzrə isə dünyanın aparıcı universitetləri sırasında yer alıb.
Moti Yeger qeyd edib ki, bu nailiyyət yalnız elmi mükəmməlliyin göstəricisi deyil, həm də innovasiyanı məsuliyyət hissi ilə birləşdirən insanların yetişdirilməsinin nəticəsidir.
O bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə həyata keçirilən proqram çərçivəsində iştirakçılara yalnız texniki bilik və bacarıqların deyil, eyni zamanda analitik düşüncə, yeni yaranan riskləri əvvəlcədən müəyyənləşdirmək, kritik infrastruktur və strateji aktivləri qorumaq, texnologiyadan məsuliyyətli və etik şəkildə istifadə etmək bacarıqlarının aşılanması hədəflənir.