KOBİA INSME üzvlərini “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət edib.
İtaliyanın Roma şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə INSME-nin İllik Toplantısı keçirilib. INSME-nin 20 illik yubileyinə həsr olunmuş builki tədbir “KOB-lar üçün davamlı maliyyənin açılması” mövzusuna həsr olunub.
Toplantıda INSME-yə üzv təşkilatların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti yayımlanıb. O, KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğunu bildirib, maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət edib.
Toplantı çərçivəsində müxtəlif panel müzakirələr də təşkil olunub. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev “Dəstəkləyici siyasətlər və ESG qaydaları” mövzusuna həsr olunmuş paneldə ESG (Ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərinin tətbiqinin KOB-lar üçün önəmi, Agentliyinin bu sahədə fəaliyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.