Noyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar. Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumu Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafına – “Ağıllı şəhər”ə dair Rusiyanın biznes missiyası ilə görüş çərçivəsində imzalanıb. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların “Ağıllı şəhər” layihələrində iştirakına, yerli və Rusiya KOB-ları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan və Rusiya sahibkarlarının, xüsusilə də KOB-ların iştirakı ilə “Ağıllı şəhər” konsepsiyası əsasında birgə layihələrin həyata keçirilməsi üçün potensial var. Bu yanaşma tədarük zəncirində KOB-ların rolunun artmasına, yeni birgə müəssisələrin yaradılmasına və innovativ həllərin tətbiqinin genişlənməsinə öz töhfəsini verəcəkdir. Müvafiq istiqamətdə dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi isə belə layihələrin operativ həyata keçirilməsində və maliyyələşdirilməsində intensivliyi artıra bilər. KOBİA sədri həmçinin, Agentliyin fəaliyyəti, Rusiyanın müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq barədə də məlumat verib. Bildirilib ki, Rusiya iş adamları yerli KOB-larla əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi, eləcə də birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər.