
Son 24 saat ərzində qlobal kriptovalyuta bazarında satış dalğası güclənib, aparıcı aktivlərdə nəzərəçarpacaq eniş qeydə alınıb.
Bazarın lideri Bitcoin (BTC) son sutkada 8,36% ucuzlaşaraq 64 854 dollara enib.
Bazarda ikinci ən böyük aktiv olan Ethereum (ETH) isə 9,19% enişlə 1 909 dollar səviyyəsinə düşüb.
Stabilkoinlərdə dəyişiklik minimal olsa da, altkoin seqmentində geriləmə daha dərin olub. Belə ki, BNB-nin qiyməti 10,43% azalaraq 619 dollara, XRP 11,42% enərək 1,27 dollara, Solana (SOL) isə bazarda ən kəskin itkilərdən birini yaşayaraq 14,65% ucuzlaşma ilə 77,6 dollara düşüb. Dogecoin (DOGE) də 11,07% geriləyib.
CoinMarketCap-in ümumi göstəricilərinə görə, kripto bazarının toplam kapitalizasiyası da təxminən 8% azalıb.
Analitiklər bazardakı bu kəskin geriləməni qlobal risk iştahasının zəifləməsi, investorların təhlükəsiz aktivlərə yönəlməsi və son günlər kripto bazarında formalaşan yüksək volatillik fonunda mənfəət realizasiyasının artması ilə izah edirlər.





