
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı imzalayıblar.
İmzalanma mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə isə müasir aqrar texnologiyaların tətbiqi və istehsalatla təhsilin inteqrasiyasının peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcəyini vurğulayıb.
Qeyd edilib ki, sənədin əsas məqsədi aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasını təmin etmək, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq və regionlarda dayanıqlı inkişafı dəstəkləməkdir.
Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.
Bununla yanaşı, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Bildirilir ki, bu əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və sektorun gələcək inkişafına töhfə verəcək.





