Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.
Bu qərar faktiki və proqnozlaşdırılan illik inflyasiyanın hədəf intervalının (4+2%) mərkəzindən aşağıda olması, beynəlxalq konyunkturda yaxşılaşma meyillərinin və valyuta bazarında stabilliyin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alınmaqla qəbul edilmişdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnozdan kənarlaşma dərəcəsindən, qlobal bazarlarda vəziyyətin dəyişməsindən, habelə daxili tələbin və iqtisadi aktivliyin bərpasından asılı olaraq qəbul ediləcəkdir.