“Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir”.
BBN.az-ın məlumatına görə bunu Milli Məclisin iyunun 23-də keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, Azərbaycanda kredit faizləri hüquqi şəxslər üzrə 10,1 faiz, fiziki şəxslər üçün isə 16,1 faizdir.
“Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir. Bizdə kredit faizləri qonşu ölkələrdən aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Kredit faizlərinin aşağı salınması infilyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil”, – deyə o əlavə edib.
Eyni zamanda sədr manatın məzənnəsindən də danışıb: “Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır. Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün sabit məzənnə rejiminə tələb var”.
Onun sözlərinə əsasən avqust və sentyabr ayında yeni bir manatlar dövriyyəyə buraxılacaq: “Bir manatlıq əskinazlar dövriyyədə köhnə olduğundan avqust və sentyabr ayında yeniləri buraxılacaq”.
Taleh Kazımov əlavə edib ki, Azərbaycanda inflyasiya hədəfi 4 faizdir: “Çox aşağı inflyasiya iqtisadi inkişafa mane olur. İnflyasiya olmalıdır ki, iqtisadiyyat inkişaf etsin. İnflyasiyanın olmaması da iqtisadiyyat üçün pisdir. Bizim inflyasiya hədəfimiz 4 faizdir”.
Çıxışında Azərbaycanda maliyyə amnistiyası məsələsinə də toxunub: “Azərbaycanda maliyyə amnistiyası tətbiq edilə bilər. Bu gün Azərbaycanda nağd pul kütləsi 14 milyard manatdır. Yəni 14 milyard manat nağd şəkildə ölkədə manat var. Bu isə bizim tərəfdaş, qonşu ölkələrimizlə müqayisədə kifayət qədər yüksəkdir. Sözsüz ki, maliyyə sektoru və AMB olaraq amnistiyaya müsbət baxırıq”.
Sədr, eyni zamanda əhaliyə SMS göndərən siğorta şirkətlərinə xəbərdarlıq edildiyini də əlavə edib: “Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur. bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil”.
Trend