Azərbaycan Mərkəzi Bankı (AMB) innovativ maliyyə məhsul və xidmətlərinin xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqdan keçirilməsinin üçüncü dövrü üzrə müraciətlərin qəbuluna başlayıb.
Bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlər qəbul ediləcək.
Müraciət prosesi 2 ay müddətində açıq olacaq və 25 avqust 2026-cı il tarixinədək davam edəcək.
Məlumata görə, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bankla bağlanacaq müqavilə əsasında sınaq mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd olunub ki, xüsusi tənzimləmə rejimi ölkədə innovativ maliyyə həllərinin inkişafını, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, eləcə də maliyyə bazarının daha şəffaf və səmərəli şəkildə inkişafını dəstəkləmək məqsədi daşıyır.
Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyənlər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində göstərilən sənədləri və məlumatları xüsusi internet səhifəsi vasitəsilə və ya yazılı şəkildə Mərkəzi Banka təqdim edə bilərlər.
Bundan əlavə, xüsusi tənzimləmə rejimi ilə bağlı yaranan suallar üzrə müraciətlər sandbox@cbar.az elektron poçt ünvanına göndərilə bilər.