Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.
BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.
“Biz məcburi ehtiyat normalarının faizlərə təsirini görmürük. Bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq”, – deyə o qeyd edib.
“Yeni, həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla verilmiş kreditlər üzrə orta faiz 2023-cü ilin dekabrında 15,3 % olmuşdursa, bu ilin iyun ayında 15 % olub”, – deyə Kazımov əlavə edib.