Dünya Qızıl Şurasının (WGC) hesabatına əsasən, 2026-cı ilin ikinci rübündə mərkəzi bankların qızıl alışları əhəmiyyətli dərəcədə artaraq xalis 289 ton təşkil edib.
BBN.az xəbər verir ki, ilin ilk rübündə mərkəzi banklar cəmi 57 ton qızıl alıblar. Bu göstərici gözləntilərdən 187 ton az olmaqla yanaşı, son on ildən artıq dövr ərzində ilin ən zəif başlanğıcı kimi qiymətləndirilir. Mövcud dinamikanın ilin yekununda 2025-ci ilin nəticələrindən aşağı olacağı proqnozlaşdırılır.
Hesabata görə, ikinci rübdə ən böyük qızıl alıcısı Polşa olub. Ölkə bu dövrdə ehtiyatlarına 51 ton qızıl əlavə edib və ilin ilk yarısında ümumi alış həcmini 82 tona çatdırıb. Çin isə aprel–iyun aylarında 33 ton qızıl alaraq ən aktiv alıcılar sırasında yer alıb.
WGC qeyd edir ki, yüksək faiz dərəcələri gəlir gətirməyən qızıl üçün əlverişsiz amil hesab olunsa da, investorlar qiymətlərin yüksək səviyyədə qalmasına baxmayaraq bu qiymətli metala maraq göstərməkdə davam edirlər.
Hesabatda qızıl bazarının digər seqmentlərində isə azalma müşahidə edildiyi bildirilir. Belə ki, qızıl külçələri və sikkələrə tələbat illik müqayisədə 3 faiz azalaraq 307 ton, zinət əşyalarına tələbat isə 17 faiz azalaraq 278 ton olub. Təkrar emal edilən qızılın həcmi də 6 faiz azalaraq 326 ton təşkil edib.