Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nin uğurlu icrası Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub.
Bu mükafat innovativ inkişafı dəstəkləyən, habelə həssas qrupdan olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində icra olunan fəaliyyətlərə görə təqdim edilir.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyət daşıyaraq, işsiz və işaxtaran şəxslərin məşğulluğunun dəstəklənməsi və kiçik biznesə çıxışında xüsusi önəm kəsb edir.
Bu proqramın genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı arasında növbəti əməkdaşlıq nümunəsi olaraq 2020-ci ildən “Məşğulluğa Dəstək Layihəsi”nin icrasına başlanıb.
2020-2025-ci illəri əhatə edən bu Layihə həssas qruplardan (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və b.) olan şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərinin qurulmasına dəstək məqsədi daşıyır.
22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq 2025-ci ilin sonunadək bundan daha çox olmaqla, 25 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi nəzərdə tutulur.
Layihə üzrə ötən dövrdə 23 min işsiz şəxs Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təşkil olunan, maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə təlimlərə cəlb edilib. Onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar aşılanıb.
Həmin şəxslərdən isə artıq 16 min benefisiar 26 peşə istiqaməti üzrə avadanlıqlarla təmin edilərək kiçik bizneslərini yaradıb, əldə edilmiş bilik və bacarıqları tətbiq etmək imkanı qazanıb. Layihə çərçivəsində qurduqları kiçik təsərrüfatlarını uğurla inkişaf etdirən benefisiarlara bizneslərinin genişləndirilməsinə əlavə dəstək olaraq həvəsləndirici mükafatlar da verilir.
“Məşğulluğa Dəstək Layihəsi”nin qeyd edilən nüfuzlu mükafata layiq görülməsi də Layihənin uğurlu icra prosesinə və əldə olunan müsbət nəticələrə beynəlxalq səviyyədə də yüksək qiymət verildiyinin təzahürüdür.