
Bir sıra beynəlxalq maliyyə qurumları Basel Bank Nəzarəti Komitəsinə müraciət edərək kriptovalyuta aktivlərinə dair sərt tənzimləmə standartlarının yenidən nəzərdən keçirilməsini tələb ediblər.
BBN.az xəbər verir ki, Komitə 2022-ci ildə bankların kripto aktivlərə məruz qalma risklərini necə idarə etməli və açıqlamalı olduqları barədə standartlar qəbul etmişdi. Lakin maliyyə assosiasiyaları hesab edir ki, kripto bazarı son üç ildə ciddi dəyişib və mövcud yanaşma həddindən artıq konservativdir.
Açıq məktubda vurğulanır ki, “Kriptoaktiv Standartının sərt tələbləri və risk kapitalı ilə bağlı cəzalandırıcı yanaşma bankların bu bazarda real iştirakını iqtisadi baxımdan mümkünsüz edir”.
Müraciəti imzalayanlar arasında Global Financial Markets Association (GFMA), Institute of International Finance (IIF), International Swaps and Derivatives Association (ISDA) və bir sıra kripto sənayesi təşkilatları var.
Yeni qaydalar 2026-cı ilin yanvarından qüvvəyə minməlidir. Basel Komitəsinin qərarları hüquqi baxımdan məcburi olmasa da, onun tövsiyələri adətən üzv ölkələrin bank nəzarət orqanları tərəfindən tətbiq olunur.
Xatırladaq ki, 2022-ci ildə böyük kripto şirkətlərinin ard-arda iflası milyonlarla investoru zərərə salmış və sektorda genişmiqyaslı sui-istifadələri üzə çıxarmışdı. Bu səbəbdən sərt tənzimləmə çağırışları güclənmişdi. Lakin maliyyə sektorunun nümayəndələri hesab edir ki, artıq kripto bazarının inkişaf səviyyəsi daha balanslı yanaşma tələb edir.






