20 may 2024-cü il tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzi Bank və ABA-nın diqqət mərkəzində duran məsələlərdəndir.
Görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat diqqətə çatdırılıb. Həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında birgə müzakirələr aparılıb. Görüş sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə aidiyyəti təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi və davamlı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.