Beynəlxalq ödəniş texnologiyası şirkəti “MasterCard” daha bir innovativ layihəyə imza atıb. Şirkət dünyadakı 2.2 milyard nəfərdən çox görmə qüsurlu şəxslər üçün yeni plastik kartlar çıxarıb. “Touch Card” adlanan bu kartları digərlərindən fərqləndirən əsas cəhət üzərində və yan tərəflərində xüsusi çıxıntıların olmasıdır. Bu çıxıntılar vasitəsilə görmə qüsurlu insanlar plastik kartların debit, kredit və ya ön ödəməli olduğunu ayırd edə, həmçinin toxunmaqla kart məlumatlarını başa düşə biləcəklər.
Beynəlxalq səviyyədə biometrik texnologiyaların inkişafında böyük rola malik “Idemia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində tərtib edilən bu plastik kartlar Böyük Britaniyada (RNIB) və ABŞ-da (VISIONS) bu sahə üzrə fəaliyyət göstərən qurumlar tərəfindən sınaqdan keçirilib və təsdiqlənib.
Məlumat üçün qeyd edək ki, 1966-cı ildən etibarən fəaliyyətini davam etdirən “MasterCard” şirkəti hazırda 352.6 milyard dollarlıq bazar kapitalizasiyası ilə lider ödəniş sxemalarındandır.