
Azərbaycanın kapital bazarında post-ticarət infrastrukturunun əsas dayaqlarından biri olan Milli Depozit Mərkəzi (MDM) son dövrdə həm texnoloji transformasiya, həm də beynəlxalq inteqrasiya istiqamətində aktiv mərhələyə qədəm qoyub. Qurumun qarşısında duran əsas vəzifələrdən biri bazar iştirakçıları üçün daha sürətli, şəffaf və etibarlı mühitin formalaşdırılmasıdır.
Qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər, rəqəmsal aktivlərin yüksəlişi və yeni maliyyə alətlərinə artan maraq fonunda MDM-in rolu daha da aktuallaşır. Bu baxımdan, qurumun strateji prioritetləri, rəqəmsallaşma səviyyəsi, investorların hüquqlarının qorunması mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar xüsusi maraq doğurur. Bütün bu məsələlərlə bağlı “Report”un suallarını MDM-in İdarə Heyətinin sədri Elçin Əlizadə cavablandırıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– MDM-in 2025–2030-cu illər üçün əsas prioritetlər hansılardır?
– Hazırda MDM-in fəaliyyəti 2024–2026-cı illəri əhatə edən İnkişaf Strategiyası əsasında qurulub. Bu mərhələdə əsas xətt institusional inkişafın, texnoloji modernləşmənin və xidmətlərin elektron mühitə keçirilməsinin ardıcıl şəkildə icrasıdır ki, bazar iştirakçıları əməliyyatları daha sürətli, şəffaf və rahat formada həyata keçirə bilsinlər.
Bununla yanaşı, yeni maliyyə alətlərinin tətbiqini dəstəkləyəcək infrastruktur həllərinin yaradılması da prioritetlər sırasındadır. Məqsəd təkcə xidmət sayını artırmaq deyil, həm də bazarın daha funksional və investorlar üçün daha çevik platformaya çevrilməsinə xidmət edən mexanizmləri formalaşdırmaqdır.
Paralel olaraq, növbəti strateji mərhələ üzrə baxış da formalaşdırılır. Burada əsas yanaşma Azərbaycan Mərkəzi Bankının prioritetləri ilə uzlaşan, beynəlxalq inteqrasiyanı və bazar infrastrukturu üzrə dayanıqlı inkişafı gücləndirən bir modelin qurulmasıdır.
Ümumilikdə, bu istiqamətlər MDM-in daha müasir, inteqrasiya olunmuş və bazarın tələblərinə uyğun çevik bir infrastruktur kimi inkişafına xidmət edir.
– Regional maliyyə mərkəzinə çevrilmək hədəfində MDM-in rolu nədən ibarətdir?
– Regional maliyyə mərkəzinə çevrilmək geniş iqtisadi və institusional hədəfdir və burada müxtəlif qurumların rolu var. Mərkəzi Depozitar olaraq bizim əsas rolumuz bu proses üçün etibarlı və effektiv kapital bazarları üzrə infrastrukturu təmin etməkdir.
Bizim fokusumuz kapital bazarında qiymətli kağızlar üzrə klirinq, hesablaşma və saxlama xidmətlərinin təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasıdır. Bu isə investor etimadının formalaşması, əməliyyatların səmərəliliyi və bazara çıxışın asanlaşması baxımından fundamental əhəmiyyət daşıyır.
Yəni, MDM birbaşa maliyyə mərkəzi yaratmır, lakin bu hədəfin reallaşması üçün zəruri olan infrastrukturun qurulmasına və inkişafına töhfə verir.
– MDM-də rəqəmsallaşma hansı mərhələdədir? Hansı xidmətlər tam elektronlaşdırılıb?
– Son 3 il ərzində MDM-də rəqəmsallaşma səviyyəsində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Əməliyyat baxımından klirinq və hesablaşmalar, eləcə də ödəniş agenti xidmətləri tam avtomatlaşdırılmış şəkildə, insan müdaxiləsi olmadan icra olunur. Bu isə proseslərin sürətini, dəqiqliyini və etibarlılığını əhəmiyyətli dərəcədə artırır.
Eyni zamanda, emitentlərə, investorlara və investisiya şirkətlərə göstərilən xidmətlərin və birjadankənar əməliyyatların tam elektronlaşdırılması istiqamətində işlər davam etdirilir.
Ümumilikdə məqsəd bütün əsas xidmətlərin vahid rəqəmsal platforma üzərindən təqdim edilməsini təmin etməklə daha çevik, şəffaf və istifadəçi yönümlü maliyyə infrastrukturu formalaşdırmaqdır.
– Rəqəmsal qiymətli kağızlar və tokenləşdirilmiş aktivlərlə bağlı hansı hazırlıqlar aparılır?
– Qeyd edilməlidir ki, Azərbaycanda qiymətli kağızlar uzun illərdir rəqəmsal formada emissiya edilir və saxlanılır. Yəni bu sahədə baza infrastruktur artıq mövcuddur və rəqəmsallaşma bizim üçün yeni başlanğıc deyil, mövcud sistemin daha da təkmilləşdirilməsi prosesidir.
Tokenləşdirilmiş aktivlərə gəldikdə isə, bu istiqamət beynəlxalq səviyyədə diqqətdə saxlanılan mövzulardandır. MDM bu sahəni bazarda tələb və tənzimləyici çərçivə formalaşdığı halda gələcəkdə aktuallaşa biləcək istiqamət kimi qiymətləndirir.
– İnvestor hüquqlarının qorunması baxımından MDM hansı mexanizmləri tətbiq edir?
– Mərkəzi Depozitar olaraq qiymətli kağızların saxlanılması üzrə texniki infrastrukturun təmin edilməsi və bu əsasda investor hüquqlarının qorunması bizim vacib hədəflərimizdən biridir. İnvestorların mülkiyyət hüquqlarının dəqiq qeydiyyatı, aktivlərin təhlükəsiz saxlanması və əməliyyatların düzgün və vaxtında hesablaşması bu mexanizmin əsas elementləridir.
Eləcədə, korporativ hadisələrin – məsələn, dividend və kupon ödənişləri və digər hüquqların icrasının – şəffaf və düzgün şəkildə həyata keçirilməsinə nəzarət edilir. Bu yanaşma investorlar üçün etibarlı və şəffaf mühit formalaşdırır.
– Kibertəhlükəsizlik riskləri fonunda depozitar sisteminin təhlükəsizliyi necə təmin olunur?
– Kibertəhlükəsizlik MDM-in fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu sahədə yanaşmamız yerli qanunvericilik və normativ tələblərə uyğun şəkildə, eyni zamanda ‘dərinləşdirilmiş müdafiə” prinsipi əsasında qurulub. Bu, risklərin çoxsəviyyəli şəkildə idarə olunmasına imkan verir və sistem davamlı olaraq təkmilləşdirilir.
Texniki baxımdan, veb tətbiqləri və şəbəkə təhlükəsizliyi üçün müasir firewall həlləri, imtiyazlı girişlərin idarə olunması üçün PAM sistemləri, eləcə də məlumat mərkəzləri və işçi mühitini qoruyan yeni nəsil antivirus texnologiyaları tətbiq olunur. Bununla yanaşı, İT aktivləri üzrə konfiqurasiyaların və zəifliklərin idarə edilməsi də mütəmadi şəkildə həyata keçirilir.
– Azərbaycanda qiymətli kağızlar bazarının inkişafında MDM-in üzərinə düşən əsas çətinliklər nələrdir?
– Kapital bazarının inkişafı ümumilikdə çoxşaxəli prosesdir və burada müxtəlif institutların rolu var. Milli Depozit Mərkəzi kapital bazarında ana infrastruktur təminatçısı olaraq emissiya edilən bütün qiymətli kağızların saxlanılmasını onların mülkiyyətçiləri üzrə reyestrinin aparılması və aparılan ticarət əməliyyatları üzrə hesablaşmaların icrasını həyata keçirməkdir.
Bu çərçivədə əsas fokus istiqamətlərimiz bazarın dərinləşməsi, yeni maliyyə alətlərinin tətbiqi üçün infrastrukturun genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşmanın davam etdirilməsidir.
Ümumilikdə, biz bu prosesi çətinlik kimi deyil, daha çox inkişaf imkanları kimi qiymətləndir və bazarın davamlı inkişafına töhfə verən həllər üzərində işləyirik
– Yeni maliyyə alətləri (məsələn, yaşıl istiqrazlar, törəmə maliyyə alətləri) üzrə depozit infrastrukturu hazırdırmı?
– Ümumilikdə, yaşıl istiqrazlar üzrə depozitar xidmətləri ənənəvi istiqrazlarla eyni infrastruktur üzərindən həyata keçirilir ki, bu da MDM-in təmin etdiyi əsas mexanizmlərdən biridir.
MDM yeni maliyyə alətlərinin tətbiqini dəstəkləmək üçün öz sistemlərini mütəmadi olaraq təkmilləşdirir. Buna praktik nümunə olaraq, ötən il European Bank for Reconstruction and Development tərəfindən dəyişən faiz dərəcəsi ilə həyata keçirilən istiqraz emissiyasını göstərmək olar. Bu zaman tələb olunan texniki uyğunlaşmalar qısa müddətdə təmin edildi.
Ümumilikdə, məqsədimiz bazarda yeni maliyyə alətləri yarandıqca onları dəstəkləyəcək çevik və uyğunlaşa bilən infrastrukturun təmin edilməsidir.
– Startaplar və qeyri-maliyyə sektoru üzrə emisiyalar üçün depozitar xidmətlərində tarif güzəştləri planlaşdırılırmı?
– Bildiyiniz kimi MDM Q\K-lar və onlardan törəyən digər maliyyə alətləri üzrə infrastruktur təminatçlsı kimi çıxış edir. Startaplar bu seqmentə daxil edilmədiyindən MDM onlara bir başa xidmət göstərmir. O baxımdan MDM-in tarif siyasətində startaplara xüsusi yanaşma mövcud deyildir.
Bundan başqa MDM bazar inkişafının təşviqi üzrə öz tariflərində bazar iştirakçılarını, qiymətli kağız növünü və ticarət növünü əsas götürərək tariflərində nəzərə alır. Hazırda MDM-in tariflərində, emitentlərin fəaliyyət göstərdiyi sektor üzrə yanaşma mövcud deyildir.
Məqsədimiz yeni iştirakçılar üçün bazara çıxışı asanlaşdırmaq və kapital bazarının daha geniş seqmentlər üçün cəlbedici olmasına töhfə verməkdir.
– MDM-in beynəlxalq mərkəzi depozitarlar ilə əməkdaşlıq səviyyəsi hansı mərhələdədir?
– MDM-in beynəlxalq əməkdaşlığı hazırda həm institusional, həm də əməliyyat səviyyəsində genişlənən mərhələdədir. Bu istiqamətdə məqsəd yalnız əlaqələri artırmaq deyil, həm də Azərbaycanın kapital bazarı infrastrukturunun beynəlxalq standardlara uyğunluğunu və etibarlılığını daha da gücləndirməkdir.
İnstitusional müstəvidə MDM beynəlxalq peşəkar platformalarda fəal iştirak edir və bu kanallar vasitəsilə müxtəlif depozitarlarla təcrübə və əməkdaşlıq imkanlarını genişləndirir. Eyni zamanda, yeni beynəlxalq platformalara qoşulma imkanları da nəzərdən keçirilir.
Praktiki əməkdaşlıq baxımından Türkiyənin Mərkəzi Depozitarı (Merkezi Kayıt Kuruluşu) və Qazaxıstanın Mərkəzi Depozitarı (Kazakhstan Central Securities Depository) ilə qarşılıqlı hesablar açılıb və bu, real əməliyyatlar üçün texniki baza yaradır. Paralel olaraq, Clearstream kimi qlobal depozitar platformalarla inteqrasiya imkanları üzərində iş aparılır, digər beynəlxalq tərəfdaşlarla da əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar davam edir.
– Xarici mərkəzi depozitarlar ilə birbaşa bağlantı imkanları varmı?
– Bəli, xarici mərkəzi depozitarlarla birbaşa bağlantı imkanları artıq formalaşdırılıb. Türkiyənin Mərkəzi Depozitarı MKK və Qazaxıstanın Mərkəzi Depozitarı ilə qarşılıqlı hesabların mövcudluğu regional bazarlar arasında qiymətli kağızların saxlanması və ötürülməsi üçün praktiki imkan yaradır.
Hazırda bu əlaqələrin daha funksional və tam inteqrasiya olunmuş modelə keçidi istiqamətində işlər davam etdirilir. Məqsəd depozitarlararası kommunikasiya və əməliyyatların beynəlxalq standartlara uyğun, daha avtomatlaşdırılmış mexanizmlərlə icra edilməsidir.
– Beynəlxalq “PFMİ” standartlarına (IOSCO və CPMI üzrə) uyğunlaşma prosesi necə gedir?
– Beynəlxalq PFMI standartlarına uyğunlaşma MDM üçün strateji əhəmiyyət daşıyır. Mövcud xidmətlər üzrə aparılan təhlillər göstərir ki, əsas prinsiplər üzrə uyğunlaşma istiqamətində mühüm baza formalaşıb və bu yanaşma yeni həllərin qurulmasında da əsas istinad çərçivəsidir.
Xüsusilə yeni xidmətlərin yaradılmasında və nəzərdə tutulan vahid hesablaşma modelinin formalaşdırılmasında PFMI prinsipləri birbaşa nəzərə alınır. Burada məqsəd təminat mexanizmlərinin daha sistemli tətbiqi, risklərin vahid yanaşma ilə idarə olunması və hesablaşma infrastrukturunun daha dayanıqlı qurulmasıdır.
Bununla yanaşı, uyğunlaşma prosesi davamlı xarakter daşıyır. Yalnız xidmətlər deyil, həm də hüquqi çərçivə, məlumat təhlükəsizliyi və risk idarəetməsi sahələrində beynəlxalq tələblərə uyğun təkmilləşdirmə işləri mütəmadi şəkildə həyata keçirilir.
– Qanunvericilikdə MDM-in fəaliyyətini məhdudlaşdıran və ya ləngidən məqamlar varmı?
– Ümumilikdə, “Qiymətli Kağızlar Bazarı haqqında” mövcud qanunvericilik MDM-in fəaliyyətini həyata keçirmək üçün zəruri çərçivəni təmin edir. Eyni zamanda, kapital bazarlarının dinamik inkişafını nəzərə alaraq qanunvericilik də davamlı şəkildə təkmilləşdirilir.
Bu prosesdə bazar iştirakçıları ilə birlikdə müəyyən sahələr üzrə inkişaf imkanları müzakirə olunur və ehtiyac yarandıqda uyğun təkliflər nəzarət orqanına təqdim edilir. Yəni, yanaşma ondan ibarətdir ki, hüquqi çərçivə bazarın inkişafını dəstəkləyən və yeni təşəbbüslərə uyğunlaşa bilən şəkildə inkişaf etsin.
– Maliyyə bazarlarının liberallaşması MDM üçün hansı yeni çağırışları yaradır?
– Maliyyə bazarlarının liberallaşması MDM üçün ilk növbədə daha geniş fəaliyyət miqyası və yeni infrastruktur tələbləri deməkdir. Bu proses bazarın dərinləşməsi ilə yanaşı, sistemlərin daha çevik, dayanıqlı və beynəlxalq standartlara uyğun şəkildə inkişafını zəruri edir.
Bu çərçivədə bizim diqqət etdiyimiz əsas istiqamətlər əməliyyat həcmlərinin artımına hazır olmaq, yeni maliyyə alətlərini və inteqrasiya imkanlarını dəstəkləyən infrastrukturu genişləndirmək, eyni zamanda risklərin idarə olunmasını daha sistemli səviyyəyə qaldırmaqdır.
Ümumilikdə, biz bu prosesi çağırışdan daha çox bazarın keyfiyyətcə inkişafı üçün fürsət kimi qiymətləndiririk və bu istiqamətdə uyğunlaşmanı davam etdiririk
– Bazar iştirakçıları arasında MDM-in fəaliyyəti ilə bağlı bəzən “qapalı qurum” imici formalaşır. Bu tənqidlə razısınızmı?
– MDM-in fəaliyyəti əsasən ticarət sonrası infrastrukturuna aid olduğu üçün bəzən daha az görünən və texniki xarakterli olur. Bu da müəyyən hallarda belə bir təsəvvür yarada bilər.
Lakin, biz açıq və davamlı kommunikasiya qurmağa xüsusi önəm veririk. Bu istiqamətdə mütəmadi maarifləndirmə tədbirləri keçiririk, təhsil ocaqlarında görüşlər təşkil edirik, bazar iştirakçıları ilə birgə müzakirələr aparırıq. Paralel olaraq sosial şəbəkələr üzərindən aktiv məlumat paylaşır, beynəlxalq tədbirlərdə iştirak edərək təcrübə mübadiləsi aparırıq.
Məqsədimiz fəaliyyətimizi daha şəffaf və anlaşılan etmək, bazar iştirakçıları ilə qarşılıqlı əlaqəni davamlı şəkildə gücləndirməkdir.
– MDM-in tarif siyasəti bazar üçün kifayət qədər şəffafdırmı, yoxsa yenidən baxılmasına ehtiyac var?
– MDM-in tarif siyasəti bazarın inkişafı və iştirakçıların ehtiyacları nəzərə alınmaqla formalaşdırılır və bu istiqamətdə hazırda da tarif yanaşmasının yenilənməsi və yeni xidmətləri əhatə edəcək daha çevik model üzərində işlər aparılır. Məqsəd bazar iştirakçıları üçün daha uyğun və effektiv mühitin formalaşdırılmasıdır.
– İllik fəaliyyət hesabatlarının ictimaiyyət üçün daha detallı açıqlanması planlaşdırılırmı?
– MDM olaraq fəaliyyətimizlə bağlı məlumatların ictimaiyyətə təqdim olunmasına önəm veririk və bu istiqamətdə yanaşmamız davamlı şəkildə inkişaf etdirilir. Hazırda, hesabatlılıq səviyyəsinin daha da artırılması, məlumatların daha geniş və anlaşılan formada təqdim olunması istiqamətində işlər aparılır. Məqsədimiz bazar iştirakçıları və ictimaiyyət üçün daha şəffaf və informativ mühitin təmin edilməsidir.
– MDM-in faktiki monopolistik mövqeyi xidmət keyfiyyətinə mənfi təsir göstərə bilərmi?
– MDM qanunvericiliyə uyğun olaraq mərkəzi depozitar fəaliyyəti üzrə ixtisaslaşmış qurumdur və bu model bazarda vahid, etibarlı və səmərəli infrastrukturun formalaşmasına imkan verir.
Bununla yanaşı, bizim yanaşmamız xidmət keyfiyyətini hər zaman əsas prioritet kimi qorumaqdır. Bu baxımdan, fəaliyyətimizi yalnız tənzimləyici çərçivə deyil, həm də bazar iştirakçılarının gözləntiləri və rəqabətə yaxın alternativ xidmətlərlə müqayisə əsasında inkişaf etdiririk. Buna praktik nümunə olaraq ödəniş agenti xidmətini göstərmək olar. Bu xidmət digər qurumlar tərəfindən də təqdim oluna bildiyi halda, emissiya olunan istiqrazların əhəmiyyətli hissəsi üzrə məhz MDM-in seçilməsi göstərilən xidmətlərin keyfiyyətinə olan etimadı əks etdirir.
– Rəqəmsallaşma ilə bağlı bəyanatlar verilir, amma bazar real dəyişiklikləri yetərincə hiss etmir. Problem nədədir?
– Rəqəmsallaşma mərhələli prosesdir və onun nəticələri ilk olaraq infrastruktur səviyyəsində görünür. MDM ticarət sonrası seqmentdə fəaliyyət göstərdiyi üçün burada həyata keçirilən dəyişikliklər hər zaman son istifadəçi tərəfindən dərhal müşahidə olunmaya bilər.
Bununla belə, klirinq və hesablaşma əməliyyatlarının, həmçinin ödəniş agenti funksiyalarının avtomatlaşdırılması istiqamətində ciddi irəliləyiş var. Hazırda əsas diqqət emitentlərə və digər bazar iştirakçılarına təqdim olunan xidmətlərin elektron mühitdə daha geniş şəkildə əlçatan edilməsinə yönəlib.
Yəni burada məsələ bəyanatdan çox, mərhələli tətbiq modelidir. İnfrastrukturda aparılan dəyişikliklər bazarın gündəlik fəaliyyətinə addım-addım ötürülür və bu təsir növbəti mərhələlərdə daha aydın hiss olunacaq.
– Region ölkələrinin mərkəzi depozitarları ilə müqayisədə MDM hansı göstəricilər üzrə geri qalır?
– Mərkəzi Depozitar olaraq təqdim etdiyimiz əsas xidmətlər beynəlxalq praktikaya uyğun şəkildə formalaşdırılıb və regiondakı analoji qurumlarla müqayisə edilə bilən səviyyədədir.
Eyni zamanda, bazarın inkişafı ilə paralel olaraq əməliyyat həcmlərinin daha da artması bütün infrastruktur iştirakçıları üçün əlavə imkanlar yaradır.
Ümumilikdə, biz bu prosesi fərq kimi deyil, bazarın mərhələli inkişafı çərçivəsində genişlənən imkanlar kimi qiymətləndiririk və bu istiqamətdə inkişafı dəstəkləyirik.
– Xarici investorlar üçün hesab açma prosedurları niyə hələ də mürəkkəb hesab olunur?
– Qiymətli kağızların saxlanılması üçün hesablar depozitar sistemində investisiya şirkətləri vasitəsilə açılır. Xarici investorlar üçün tətbiq olunan prosedurlar isə beynəlxalq ƏL/TMM standartlarına uyğun qurulduğuna görə müəyyən hallarda daha geniş yoxlama və sənədləşmə tələb edir. Bu yanaşma prosesin təhlükəsizliyi və bazara etimad baxımından vacibdir.
– Beynəlxalq mərkəzi depozitar linklərinin az olması bazarın inkişafını ləngitmir ki?
– Beynəlxalq depozitar bağlantıları bazarın inkişafı üçün vacib amildir və bu istiqamətdə artıq konkret baza yaradılıb. Mərkəzi Kağıt Kurulu və Qazaxıstan Mərkəzi Depozitarı ilə birbaşa əlaqələrin qurulması regional inteqrasiya baxımından praktik addımdır. Eyni zamanda, Clearstream kimi qlobal platformalarla əməkdaşlıq imkanlarının genişləndirilməsi üzərində iş aparılır.
Bu səbəbdən məsələni çatışmazlıqdan daha çox mərhələli inkişaf prosesi kimi qiymətləndirmək daha düzgündür. Bağlantıların sayı artdıqca bazarın dərinliyi, investor çıxışı və əməliyyat imkanları da paralel şəkildə genişlənəcək.
– Əgər 5 ildən sonra bazar indiki templə inkişaf etsə, MDM öz fəaliyyətini uğurlu sayacaqmı?
– Bizim üçün əsas göstərici yalnız nominal artım tempi deyil, bazarın keyfiyyətcə möhkəmlənməsidir. MDM-in missiyası bu inkişafı dəstəkləyən etibarlı, funksional və müasir post-trade infrastrukturu təmin etməkdir.
Əgər növbəti illərdə bazar iştirakçılarının dairəsi daha da genişlənər, yeni alətlər və inteqrasiya imkanları praktik nəticə verərsə, bunu uğurlu inkişaf kimi qiymətləndirmək olar. Yanaşmamız qısamüddətli templərdən daha çox dayanıqlı və keyfiyyətli nəticəyə yönəlib.
– Rəqəmsal aktivlər və tokenləşmə sürətlənərsə, MDM bu prosesə hazırdırmı, yoxsa risk görür?
– Rəqəmsal aktivlər və tokenləşmə qlobal maliyyə infrastrukturunda getdikcə daha çox müzakirə olunan istiqamətlərdəndir və MDM bu prosesi diqqətlə izləyir. Bizim yanaşmamız imkanları da, tənzimləyici və əməliyyat risklərini də paralel qiymətləndirməkdir.
Yəni məsələ yalnız texnologiyaya hazır olmaqdan ibarət deyil. Burada hüquqi çərçivə, hesablaşma mexanizmləri, risk idarəetməsi və bazarda real tələbat kimi komponentlər birlikdə formalaşmalıdır. Bu şərtlər yetişdikcə uyğun infrastruktur həllərinin təmin olunması MDM üçün təbii inkişaf istiqamətidir.
– MDM bazar üçün kifayət qədər çevikdirmi?
– MDM-in yanaşması bazarın ehtiyaclarına uyğun çevik və uyğunlaşa bilən infrastrukturun təmin edilməsinə yönəlib. Son dövrdə sistemlərin təkmilləşdirilməsi və proseslərin avtomatlaşdırılması istiqamətində atılan addımlar bunu göstərir.
Eyni zamanda, depozitar fəaliyyəti yüksək etibarlılıq və tənzimləmə tələbləri ilə bağlı olduğu üçün çeviklik balanslı şəkildə – risklərin idarə olunması ilə paralel təmin olunur.
Ümumilikdə, məqsədimiz bazarın inkişafına operativ şəkildə cavab verən, eyni zamanda dayanıqlılığı qoruyan bir infrastruktur qurmaqdır
– MDM-də struktur və kadr islahatlarına ehtiyac varmı?
– MDM-də struktur və kadr məsələlərinə davamlı inkişaf prizmasından yanaşılır. Təşkilatın səmərəliliyinin artırılması və bazarın dəyişən tələblərinə daha operativ uyğunlaşma məqsədilə bu istiqamətdə mütəmadi təkmilləşdirmə işləri aparılır. Eyni zamanda, insan kapitalının inkişafı, peşəkar bacarıqların artırılması və müasir idarəetmə yanaşmalarının tətbiqi də diqqət mərkəzindədir.




