Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
Bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500 min manat, xərcləri 36 milyard 568 milyon 800 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798 min manat, yerli gəlirləri 764 milyon 702 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792 min manat, yerli xərcləri 777 milyon 8 min manat) məbləğində təsdiq edilir.
Büdcəyə dəyişikliklər “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi zərurətindən yaranıb.
Dəyişikliklər il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrası və digər məsələləri özündə ehtiva edir.
2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi hədəflər gözlənilməklə tərtib olunub.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22 milyard 39,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13 milyard 347 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1 milyard 182,5 milyon manat vəsait yönəldiləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
AZƏRTAC