Rusiya və Ukrayna arasında davam edən gərginliklərin fonunda sözügedən ölkələrin iqtisadiyyatları da mənfi təsirlərə məruz qalır. Xüsusilə də, sanksiyaların tətbiq edildiyi Rusiya Federasiyasının stabilləşdirilməsi üçün bir sıra addımlar atılsa da, xarici təzyiqlər də davam edir. Təzyiqlərin ən çox mənfi təsir göstərdiyi sektorlardan biri də səhm bazarıdır.
Bu səbəbdən, Moskva birjası (MOEX) 2 mart tarixindən səhm tranzaksiyalarını məhdudlaşdırıb. Rusiya Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, səhm bazarının açılması tarixi 11 mart saat 09:00-da elan ediləcək. Valyuta və repo bazarları isə istifadəyə verilib.
Məlumat üçün qeyd edək ki, “Refinitiv” şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, 2021-ci ildə MOEX birjası 21.8% böyüyərək, 5952.8 bənddən 7250 bəndə yüksəlib. Birjanın ən yaxşı 10 səhminin ortalama gəlirlilik səviyyəsi 192.8% səviyyəsində qərarlaşıb. 2021-ci ildə səhmdarlarına ən çox gəlir gətirən rus şirkəti isə inşaat sektorunda fəaliyyət göstərən “Самолет ГК” (414.8) olub.