
Mərkəzi Bankın dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində “Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib.
Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sığorta vasitəçilərinin fəaliyyətinin stimullaşdırılması, bu sahədə mövcud çətinliklərin müzakirəsi və onların aradan qaldırılması üçün mümkün həll yollarının müəyyənləşdirilməsi olub.
Salamlama nitqi ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov tədbirin sığorta vasitəçiliyinin mövcud vəziyyətinin, institusional inkişaf istiqamətlərinin və qarşıdakı əsas prioritetlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib. Baş direktor Mərkəzi Bank tərəfindən son dövrdə sığorta vasitəçiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. O, bu təşəbbüslərin məqsədinin sığorta vasitəçilərinin sığorta əhatəliliyinin genişləndirilməsində sistemli və dayanıqlı rolunu gücləndirmək olduğunu bildirib. Baş direktor forum çərçivəsində müzakirə olunacaq məsələlərin gələcək mərhələdə həyata keçiriləcək tədbirlər üçün konseptual əsas təşkil edəcəyinə dair inamını ifadə edib.
Forum çərçivəsində Mərkəzi Bankın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev “Sığorta vasitəçilərinin fəaliyyətinə dair tənzimləyici əsaslar və nəzərdə tutulan addımlar” mövzusunda məlumatlandırıcı sessiya ilə çıxış edib. O, sığorta vasitəçilərinin cari hüquqi tənzimlənməsi, qarşıda duran çağırışlar, həmçinin sığorta vasitəçiliyi institutunun inkişaf etdirilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən dəyişiklik layihəsi barədə Forum iştirakçılarını məlumatlandırıb.
Aidiyyəti dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sığorta və bank sektorunun təmsilçiləri, habelə sığorta agentləri və brokerlərinin nümayəndələrinin iştirak etdiyi tədbir panel müzakirələri ilə davam edib.
Forum beynəlxalq təcrübə paylaşımı üçün də mühüm əhəmiyyət kəsb edib. Belə ki, Türkiyə Sığorta Birliyinin və Qazaxıstan Sığortaçılar Assosiasiyasının rəhbər şəxslərinin videotəqdimatları çərçivəsində müvafiq ölkələrin təcrübələrinə dair mühüm məqamlar əhatə olunub.






