Növbəti ildə də xarici amillər, dünya bazarında qiymətlərin dinamikası, tərəfdaşlarda inflyasiya prosesləri və iqtisadi fəallıq ölkədəki inflyasiyaya təsir göstərəcək. Məcmu tələbin izafi genişlənməsi, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların bahalaşması və inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbəyidir.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, cari ilin qalan dövründə valyuta təklifi tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsi daha da arta bilər. Bu isə pul təklifinin ikirəqəmli artırılmasına səbəb olacaq. Bu, təxminən 20 faizdir.
“Pul bazasının artımı isə növbəti illər üzrə inflyasiya artırıcı təsir potensialına malikdir. 2024-cü ildə pul siyasətinin ötürücülüyündə məzənnə kanalı başlıca rol oynayacaq. Növbəti ildə də pul siyasəti və likvidliyin idarə olunması çərçivəsinin təkmilləşdirilməsi, banklararası pul bazarının inkişaf etdirilməsi və qısamüddətli faizlərin orta və uzunmüddətli faizlərə təsirlərinin gücləndirilməsi istiqamətində islahat aparmağı planlaşdırırıq. Məzənnə siyasəti yürüdərkən, manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalının məhdudlaşdırılmasındakı rolu nəzərə alınacaq. Növbəti ildə də faiz dəhlizinin parametrlərinin monitor şəraiti və bununla da məcmu tələbə təsir göstərəcəyi gözlənilir. Çünki faiz dəhlizi maliyyə bazarlarının müxtəlif seqmentlərinə təsir göstərir”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
AZƏRTAC