Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 202,8 milyon manat və yaxud proqnozdan 28% çox olub.
Bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, vergi daxilolmaları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,9%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 74,4% artıb.
Bundan başqa, nazir əvəzi deyib ki, 11 ay ərzində məcburi dövlət sosial sığorta daxilolmalarında 8,1%, işsizlikdən sığorta daxilolmalarında 11%, icbari tibbi sığorta daxilolmalarında 16,7% artım olub.
“10 ay ərzində isə nağdsız əməliyyatlar üzrə dövriyyə illiik müqayisədə 71% artıb”, – deyə o əlavə edib.
A.İsmayılov həmçinin deyib ki, 11 ay ərzində əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 1 il əvvələ nisbətən 49,7% artaraq 9,1 milyon manata yaxın olub.