
Naxçıvan, 7 noyabr 2025-ci il.
Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə və “Zəfərin 5 illik yubileyi”nə həsr olunmuş Regional Bank Forumu keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Forumun açılış mərasimində rəsmi çıxışlar təqdim olunub, daha sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tapşırıqların icrasına həsr olunmuş dəyirmi masa təşkil edilib.
Müzakirələr zamanı regionun iqtisadi inkişaf prioritetləri, bank sektorunun iqtisadi canlanmada rolu, yerli göstəricilərə dair infroqrafik təqdimatlar, eləcə də sahibkarlığın maliyyələşməsi və investisiya imkanları barədə təqdimatlar səsləndirilib.
⸻
Zakir Nuriyev: “Naxçıvan iqtisadi potensialının reallaşmasında bank sektorunun rolu getdikcə artır”
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında bank sektorunun son dövrlərdə əldə etdiyi nailiyyətlər, regionlarda, o cümlədən Naxçıvanda maliyyə xidmətlərinin genişləndirilməsi, eləcə də nəqliyyat dəhlizlərinin açılmasının yaratdığı yeni iqtisadi imkanlar barədə məlumat verib.
O bildirib ki, forum Naxçıvanın iqtisadi potensialının reallaşdırılması, sahibkarlığın maliyyələşməsi və regional inkişafın sürətləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
⸻
Maarifləndirmə və karyera yönümlü sessiyalar
Forum çərçivəsində, həmçinin Naxçıvan Dövlət Universitetinin tələbə və müəllim heyəti üçün panel müzakirə təşkil olunub.
Bank sektorunun nümayəndələri tərəfindən rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sahəsində karyera imkanları barədə təqdimatlar keçirilib.
⸻
ABA regionlarda maliyyə savadlılığını artırmaqda davam edəcək
Azərbaycan Banklar Assosiasiyası ölkənin regionlarında maliyyə savadlılığının artırılması, bank sektoruna dair ictimai məlumatlılığın genişləndirilməsi və yerli iqtisadi potensialın inkişafına dəstək istiqamətində bu kimi təşəbbüsləri ardıcıl şəkildə davam etdirəcək.




















