Nazirlər Kabineti “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası” və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası“nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, hər iki qayda Rəqabət Məcəlləsinin tələblərinə uyğun hazırlanıb. “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nda istifadə olunan anlayışlar Rəqabət Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənalarda tətbiq edilir.
Digər təsdiq olunan sənəd – “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” isə bazar subyektləri tərəfindən təqdim edilən təmərküzləşmə ərizələrinə baxılması, həmçinin rəqabət orqanına məlumat verilmədən həyata keçirilmiş və razılıq tələb olunan təmərküzləşmələrin rəqabət orqanının təşəbbüsü ilə araşdırılması zamanı tətbiq olunacaq.
Sənədə əsasən, təmərküzləşmələrin qiymətləndirilməsi zamanı iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsasında təhlillər aparılacaq. Bununla yanaşı, müvafiq bazarla üfüqi və şaquli əlaqədə olan qonşu bazarlarda rəqabət mühiti də nəzərə alınacaq.