“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovla müsahibə
-Salam Şakir müəllim. Bizimlə görüşməyə vaxt ayırdığınız üçün çox sağ olun. Söhbətimizi ümumi bir sualla başlamaq istərdim – koronavirus COVID-19 enerji daşıyıcılarının dünya qiymətlərinə, səhm bazarına və bütünlükdə dünya iqtisadiyyatına necə təsir göstərmişdir?
– Salam. İnternet portalınızda fikirlərimi bölüşmək üçün yaratdığınız imkana görə sizə təşəkkür edirəm. Yeni növ koronavirus COVID-19 dünya iqtisadiyyatına artıq öz təsirini göstərmiş və çox mənfi təsir etməkdə davam edəcəkdir. Dünyanın əksər ölkələrində epidemiyanın qarşısını almaq məqsədilə özünütəcrid istiqamətində həyata keçirilən misli görünməmiş tədbirlər, əksər əmtəə və xidmətlərə olan tələbin əhəmiyyətli şəkildə azalmasına və bir çox sahələrin tamamilə zərərlə fəaliyyət göstərməsinə gətirib çıxararaq, neftə tələbin əhəmiyyətli səviyyədə azalması ilə nəticələnmişdir. Dünya səhm bazarında hökm sürən təşviş vəziyyəti bir qədər də ağırlaşdıraraq demək olar ki bütün şirkətlərin səhm qiymətlərini rekord həddə aşağı endirdi. Təbii olaraq, neftə olan tələbin aşağı düşməsi və səhmlərin qiymətinin enməsi fonunda neqativ gözləntilər neftin qiymətini kəskin şəkildə endirdi.
-Siz neft qiymətləri barədə qeyd etdiniz. Qısaca danışa bilərsinizmi neft bazarında hazırda nə baş verir?
– 2020-ci ilin yanvarından etibarən koronavirusun Çin iqtisadiyyatına (dünya ÜDM-nin 15%-i) və dünya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərəcəyi bəlli olanda neftin qiymətinin enməsi prosesi artıq başlamışdı. Qısa bir vaxt ərzində neft təklifi neftə olan dünya üzrə tələbi əhəmiyyətli dərəcədə üstələməyə başladı. Amma buna baxmayaraq qiymət enməsi baş vermirdi, çünki bazar iştirakçılarının OPEC+ (əsas neft ixrac edən ölklər, xüsusilə ərəb ölkələri, əlavə olaraq Rusiya, Qazaxıstan, və Azərbaycan) ölkələrinin hasilatı azaltmaqla bağlı razılığa gələrək neft bazarında tələb və təklif tarazlığı yaradacağı barədə gözləntiləri mövcud idi. Təəssüflər olsun ki, bu baş vermədi – danışıqların əsas iştirakçıları olan Rusiya və Səudiyyə Ərəbistanı razılığa gələ bilmədilər. Məhz bu faktor mart ayının əvvəlində neftin qiymətinin kəskin enməsi ilə nəticələndi. Amma nəzərə alsaq ki, aşağı neft qiymətləri nə Rusiya üçün, nə Səudiyyə Ərəbistanı üçün, nə də ABŞ üçün (bunlar əsas neft istehsalçılarıdırlar) sərfəli deyildir, düşünürəm ki onlar yaxın aylarda hasilatın azaldılması barədə razılığa gələcək və neftin qiymətləri 45-50 ABŞ dolları diapazonuna qayıdacaqdır.
-Neftin aşağı qiymətinin və koronavirusun ölkə iqtisadiyyatına təsiri barədə nələri qeyd edə bilərsiniz? Baş verənlərə qarşı biz nə dərəcədə hazırıq?
– Neft ixrac edən ölkələrdən biri olaraq ölkəmizə eyni anda iki xarici amil mənfi təsir göstərir: dünyada iqtisadi vəziyyət və neftin aşağı qiymətləri. Bunlar da ölkə üçün ciddi çağırışlardır. Yuxarıda sadalanan şoklara ölkədaxili özünütəcrid siyasəti də əlavə olunur: yəni əhali daha az mallar alır və xidmətlər istehlak edirlər. Əminəm ki, birlikdə biz bu çağırışın öhdəsindən də gələcəyik. Biz neftin aşağı qiymətlərinə əvvəlki dövrlərdən, misal olaraq 2015-ci ildən indi daha yaxşı hazırıq. Mən fikrimcə əlverişli hesab etdiyim amilləri sadalamağa çalışacağam:
1) yəqin ki ən başlıcası – böhran şəraitində ölkə rəhbərliyinin reaksiya və tədbirləri. Sevindirici haldır ki, operativ şəkildə məntiqli qərarlar qəbul olunur və sonra uğurla icra olunur. Cənab Prezidentin şəxsi təşəbbüslərini xüsusilə vurğulamaq istərdim;
2) neft qiymətlərindəki volatilliyin dövlət büdcəsinə mənfi təsirlərini azaltmağa kömək edən büdcə qaydalarının qəbul olunması dövlətin bütün sosial öhdəliklərini tam yerinə yetirməyə imkan verir;
3) biz 2015-ci ildən bəri ölkənin qızıl-valyuta ehtiyatlarının artımına nail olmuşuq və əgər USD ekvivalentində qızıl-valyuta ehtiyatlarının ÜDM-ə nisbəti göstəricisinə baxsaq hazırda bu göstərici 2015-ci illə müqayisədə xeyli yüksəkdir;
4) xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyəsi;
5) möhtəkir valyuta əməliyyatları üzərində daha sərt nəzarət;
6) iqtisadiyyatın şəffaflaşmasına, vergi və gömrük yığımlarının artmasına gətirib çıxaran vergi və gömrük sferasında həyata keçirilən islahatlar (qeyd etmək lazımdır ki, biznes subyektlərinin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini nəzərə almaqla vergi sferasında şəffaflıq tədbirləri daha çox motivasiya tədbirləri vasitəsilə həyata keçirilmişdir, nəinki cəza üsulları ilə və əminəm ki, Vergilər nazirliyi və İqtisadi inkişaf nazirliklərinin birləşdirilməsi bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir);
6) iqtisadiyyatın şəffaflaşmasına, vergi və gömrük yığımlarının artmasına gətirib çıxaran vergi və gömrük sferasında həyata keçirilən islahatlar (qeyd etmək lazımdır ki, biznes subyektlərinin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini nəzərə almaqla vergi sferasında şəffaflıq tədbirləri daha çox motivasiya tədbirləri vasitəsilə həyata keçirilmişdir, nəinki cəza üsulları ilə və əminəm ki, Vergilər nazirliyi və İqtisadi inkişaf nazirliklərinin birləşdirilməsi bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir);
7) yeni nəsil menecerlərin (onlardan bir çoxlarını tanıyaraq, qeyd edə bilərəm ki, onlar yüksək səviyyəli peşəkarlardırlar) yaşlı nəsil təcrübəli rəhbərlər ilə sintezindən ibarət unikal modelin tətbiq olunması.
-Bilirsiniz ki, cənab Prezident koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə və biznes mühitinə neqativ təsirlərini azltmaq məqsədilə sərəncam imzalayaraq bir sıra dövlət orqanları qarşısında həlli vacib məsələlər qoymuşdur. Həmin sərəncam haqda və bu çətin şəraitdə ölkə rəhbərliyi tərəfindən atılan digər addımalar barədə bir qədər də təfərrüatlı danışmağınızı xahiş edərdim.
Fikrimcə dövlət koronavirusun ölkədə yayılmasının qarşısını almadan ötrü müstəsna qabaqlayıcı tədbiləri digər ölkələrdən bir neçə həftə (bir sıra hallarda isə tam bir ay) əvvəl görməyə başlamışdır. Bunlara misal olaraq Baş nazirin rəhbərliyi altında tərkibinə yüksək ranqlı dövlət xadimlərinin daxil olduğu operativ qərargahın yaradılması, koronavirus pandemiyasının iqtisadiyyata və sosial sferaya mənfi təsirlərini azaltmaq üçün vəsaitin ayrılması, pandemiya ilə mübarizə fondunun yaradılması, sərhədlərin bağlanması, xüsusi rejimin tətbiqi, həkimlərin əmək haqqlarının artırılması ilə əlaqədar cənab Prezident tərəfindən vaxtında verilmiş sərəncamları göstərmək olar.
Yaranmış vəziyyətdə cənab Prezident özünün 19 mart tarixli sərəncamı ilə ən başlıca olanı nümayiş etdirdi – dövlət əhaliyə və özəl sektora lazımi dəstəyi göstərəcəkdir. Sərəncama əsasən iqtisadiyyatın, sosial sferanın və makroiqtisadi sabitliyin dəstəklənməsinə 1 milyard manat vəsait ayrıldı. Xüsusilə vurğulamaq lazımdır ki, biz dövlət büdcəsindən bu məqsədlə vəsait ayıran ilk ölkələrdən biriyik. İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi və Mərkəzi Bankın qarşısında dəqiq tapşırıqlar qoyulmuşdur: COVID-19 pandemiyasından zərər çəkmiş iqtisadiyyat sahələrinin və əhali təbəqələrinin müəyyənləşdirilməsi; bu sahələrə dəyəcək ehtimal olunan zərərin məbləği barədə informasiyanın və bu qruplara dəstəyin göstərilməsi ilə bağlı tədbirlər haqda təkliflərin hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması; koronavirus pandemiyasının bank sektoruna və makroiqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi; manatın və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün təlkliflərin hazırlanması.
Prezidentin digər sərəncamı ilə koronavirusla mübarizə fondu yaradıldı və dövlət tərəfindən ora 20 milyon manat vəsait köçürüldü. Sevindirici haldır ki, təkcə dövlət deyil, özəl sektor da cənab Prezidentin sosial məsuliyyət nümayiş etdirmək çağırışına operativ əməli cavab verdi. Bir neçə gün ərzində yaradılmış fonda 40 milyon manatdan çox vəsait köçürüldü. Qeyd etmək lazimdir ki, bank sektoru cənab Prezidentin təşəbbüsünü dərhal dəstəklədi.
Görülən tədbilər içərisində birinci Vitse-prezident Mehriban Əliyevanın əhalini ehtiyat tədbirlərinə riayət etmək, şəxsi məsuliyyət nümayiş etdirmək və yaşlılara qayğı göstərməklə əlaqədar maarifləndirici müraciətini yüksək qiymətləndirirəm. Ümid edirəm, digər tanınmış şəxslər də ondan nümunə götürəcəklər.
– Banklar cəmiyyət qarşısında sosial məsuliyyətlərini necə görürlər? Banklar və xüsusilə Bank Respublika bu istiqamətdə hansı işləri görür?
Qeyd etmək vacibdir ki, banklar cəmiyyət və dövlət qarşısında öz məsuliyyətlərini dərk edərək qarşıya çıxan yeni tələblərə doğru rekasiya verməyi bacardılar: ölkənin zəruri mallarla fasiləsiz təmin olunması üçün sahibkarların pul vəsaitlərini operativ köçürdülər və böyük əhali axınına fasiləsiz xidmət göstərdilər. Banklar istirahət günlərsiz və son həftəni demək olar ki, fasiləsiz fəaliyyət göstərdilər. Mən bank əməkdaşları ilə fəxr edirəm, risklərə, yorğunluğa və çoxlu müxtəlif problemlərə baxmayaraq mərdliklə işə çıxırdılar, böyük insan kütləsi ilə ünsiyyətdə olaraq öz vətəndaşlıq borclarını yerinə yetirirdilər. Bankların ahəngdar işləməsində Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının vacib rolu olmuşdur. Praktiki olaraq hər gün görüşlər keçirilmiş, vacib qərarlar verilmişdir.
Bank Respublika – ölkənin aparıcı banklarından biri olaraq – belə çətin məqamda bir daha öz sosial məsuliyyətini nümayiş etdirdi. Belə ki, bank bütün filiallarında müştərilərə xidmət göstərərək və heç bir məhdudiyyət tətbiq etməyərək banklar arasında əhali ilə aparılan əməliyyatların sayına və həcminə görə ilk üçlükdə idi.Bank koronavirusla mübarizə fonduna pul köçürməyə ilk qərar verənlərdən və cənab Prezidentin əhalinin özünüməşğulluq proqramında bankların iştirakı barədə çağırışına ilk cavab verənlərdən olmuşdur. Operativ qərargahın tövsiyələrinə riayət edərək, bank köhnə versiya internet-bankinq xidmətlərindən istifadə edən bütün sahibkar müştərilərini daha müasir və rahat versiyaya keçirmiş, onlara bütün əməliyyatlarını distant həyata keçirmə imkanı vermişdir.
-Nəhayət yekun sual: Sizin də qeyd etdiyiniz kimi xarici şoklar iqtisadiyyatımızın bir çox sahələrində problemlərə yol açdı. Sizin fikrinizcə dövlət və banklar mənfi nəticələrin kompensasiyası məqsədilə hansı tədbiləri görməlidirlər?
Mənim fikrimcə dövlətin görməli olduğu əsas tədbirlər içərisində aşağıdakılar olmalıdır:
1) koronavirusdan zərər çəkmiş sahibkarlara müvəqqəti vergi güzəştlərinin tətbiq olunması;
2) əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi; 3) koronavirusla əlaqədar olaraq gəlir mənbəyini itirən, əhalinin nisbətən zəif təmin olunan təbəqələrinə müvəqqəti kompensasiyaların verilməsi;
4) kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması;
5) dövlət fondları (SİF, AKİA və s.) xətti ilə kreditlərin verilməsi işinin gücləndirilməsi;
6) mikrokreditlərin inkişafı məqsədilə, xüsusilə regionlarda bankların dəstəklənməsi;
7) sahibkarlıq və istehlak kredit müştərilərinin kreditləri üzrə fazilərin bir hissəsinin subsidiyalaşdırılması.
Banklar da öz növbəsində bunları etməlidir:
1) distant xidmət kanallarını təkmilləşdirmək və onların təhlükəsizliyini təmin etmək;
2) müştərilərə güzəşt müdddəti təqdim edilmə mexanizmini işləyib hazırlamaq
Təbii olaraq, requlyator – Mərkəzi Bank – bankları prudensial normativlərin yumşaldılması və zəruri likvidlik təmin etməklə dəstəkləməlidir.
-Maraqlı söhbət üçün çox sağ olun. Sizə nailiyyətlər arzulayıram.
Siz sağ olun. Fürsətdən istifadə edərək, xalqımızı Novruz Bayramı münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və bol-bol uğurlar arzu edirəm!