Avropanın qabaqcıl iqtisadiyyatlarından birinə sahib olan Niderland Krallığı rəqəmsal ekosistemdə də inkişafını davam etdirir. E-kommersiya sahəsinə xüsusi diqqəti ilə seçilən Niderlandda 2021-ci ildə sözügedən sahədə 16%-lik artım qeydə alınıb. “Thuiswinkel Markt Monitor” adlı hesabatda qeyd edilən göstəricilərə əsasən, 2020-ci ilə nisbətdə e-kommersiya bazarı 16%-li artım ilə 30.6 milyard avro səviyyəsini ötüb. Onlayn alış-veriş tranzaksiyalarının həcmində isə 27%-lik artım müşahidə olunub.
E-kommersiyanın yüksəlməsində əsas “katalizator” rolunu oynayan koronavirus pandemiyası istehlakçıların rəqəmsal ödəniş vərdişlərini təkmilləşdirməyinə təkan verib. Bununla da, istehlakçıların onlayn e-kommersiya platformalarında xərclədikləri ortalama məbləğ 15%-lik artımla 1900 avrodan 2180 avroya yüksəlib. Rəqəmsal ödənişlərin 29%-i ağıllı telefonlar ilə həyata keçirilib. Ödənişlərin əksəriyyəti isə “iDEAL” ödəniş platforması vasitəsilə ödənilib.