Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır.
Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.
BBN.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut etdikdə, vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı olmadıqda vəsait alanın sərəncamına verməlidir.
Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş və ya əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır. Vasitəçi ödəniş əməliyyatının icra olunmamasına, səhv icra olunmasına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə bu Qanunun 31.4-cü maddəsinə əsasən məsuliyyət daşıdıqda, ödəniş xidməti təchizatçısına ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı xərclərinin müqabilində qarşılaşdığı zərərlərə görə kompensasiya ödəməlidir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.