Özbəkistanda sığorta haqlarının ümumi daxili məhsula (ÜDM) nisbəti Azərbaycanla müqayisədə daha aşağı səviyyədədir.
Bunu Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının Baş direktoru Kamoliddin Abdurakhimov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma nəticəsində ötən il elektron platformalar vasitəsilə 12,5 milyondan çox sığorta polisi rəsmiləşdirilib.
Kamoliddin Abdurakhimov qeyd edib ki, son beş ildə Özbəkistanın sığorta bazarı 3,5 dəfədən çox böyüyüb: “Hazırda sığorta sektorunun ÜDM-də payı təxminən 0,8 % təşkil edir ki, bu da Azərbaycanla müqayisədə daha aşağı göstəricidir. Lakin əvvəlki illərdə bu göstəricinin cəmi 0,26 % olduğunu nəzərə alsaq, bazarın sürətlə inkişaf etdiyi aydın görünür. Sığorta haqlarının artım tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir”.
Baş direktor bildirib ki, 2023-cü ildən vergi güzəştlərinin ləğv edilməsi həyat sığortası bazarına mənfi təsir göstərib. Onun sözlərinə görə, əvvəllər gəlir vergisi üzrə tətbiq olunan güzəştlər bu sahənin inkişafını dəstəkləyirdi. Güzəştlər ləğv edildikdən sonra isə həyat sığortasının ümumi yığımlardakı payı 2022-ci ildəki 25 %-dən hazırda 4 %-ə enib.
K.Abdurakhimov əlavə edib ki, rəqəmsallaşma dələduzluq hallarının azalmasına müsbət təsir göstərsə də, sığorta agentlərinə tələbatın azalmasına və onların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.