Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayev və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerov arasında videoformatda görüşlər keçirilib.
Görüşlərdə qardaş ölkələr olan Azərbaycan və Özbəkistanın dövlət başçılarının səyləri ilə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib.
2023-cü ilin avqust ayında Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafında xüsusi önəmi vurğulanıb. İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidentinin təşəbbüsü ilə orta məktəbin inşa etdirilməsinin dostluq və qardaşlığın növbəti nümunəsi olduğu bildirilib.
Əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə də əlaqələrin daim genişlənməkdə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərinin, o cümlədən keçən ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Özbəkistan Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentlik arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.
Sosial islahatlar prosesində təcrübə mübadilələrinin əhəmiyyəti, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial olduğu vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 2023-cü ilin noyabr ayında ölkəmizdə keçirilən 5-ci konfransı çərçivəsində İƏT-in Bakıda açılışı olan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələrin əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıdığı qeyd olunub.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq, o cümlədən aidiyyəti fəaliyyət sahələrində təcrübə mübadilələrinin davam etdirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilib.